Ötən dövr ərzində 1 321 nəfər qanunsuz olaraq işğaldan azad edilmiş ərazilərə keçməyə cəhd göstərib.

Bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitələri və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, həmin şəxslər müəyyən edilib və barələrində qanunvericiliyə uyğun tədbir görülüb:

“Bu səbəbdən qeydə alınan ölüm halları ilə bağlı cinayət işi başlanılıb, hətta həbs edilənlər də var. Eyni zamanda 100 nəfər barəsində inzibati qaydada həbs qərarı tətbiq edilib. Burada əsas məqsəd vətəndaşları həmin ərazilərdə mövcud qayda və tələblərə ciddi əməl etməyə çağırmaqdır. Bu gün 31 nəfər barəsində cinayət işi açılıb. Həmin cinayət işləri üzrə əməliyyat-axtarış və əməliyyat istintaq tədbirləri davam etdirilir”.

Elşad Hacıyev bildirib ki, azad edilmiş ərazilərə qanunsuz keçənlər əsasən ata-baba yurdlarını və yaxınlarının məzarlarını görmək niyyətində olanlardır:

“İşğaldan azad edilən ərazilərdə partlamamış döyüş sursatlarının, mina təhlükəsinin olduğunu nəzərə alaraq, vətəndaşlar indiki şəraitdə diqqətli və məsuliyyətli olmalıdırlar. Xəsarət alan şəxslər ərazilər minalardan təmizləndikdən, infrastruktur bərpa olunduqdan sonra bu torpaqlara sağlamlıqlarını itirmiş formada qayıdacaqlar”.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə qanunsuz keçmək İnzibati Xətalar Məcəlləsinin 535-ci, polis işçisinin və hərbi qulluqçunun qanuni tələbinə tabe olmamaq inzibati xəta tərkibi yaradır. Bu maddənin tələbini pozanlar üçün 200 manat miqdarında cərimə, eləcə də onun şəxsiyyəti nəzərə alınmaqla bir aya qədər inzibati qaydada həbs nəzərdə tutulub.

.