
Vyanada "Eurovision 2015” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb.
Virtualaz.org xəbər verir ki, "Viener Şdathal” arenasında keçirilən ikinci yarımfinalda 17 ölkənin təmsilçiləri çıxış edib.
Azərbaycan təmsilçisi Elnur Hüseynov səhnəyə 11-ci çıxaraq İsveç bəstəkarları Sandra Byurman, Nikolas Rebşer və Lina Hansonun bəstələdikləri "Hour of the Wolf” mahnısnı ifa edib.
Gecənin sonunda bugünkü iştirakçılardan finala keçənlərin adları məlum olub: İsrail, Latviya, Azərbaycan, Kipr, Monteneqro, Norveç, İsveç, Sloveniya, Polşa, Litva.
Qeyd edək ki, birinci yarımfinalda Albaniya, Rusiya, Rumıniya, Serbiya, Belarus, Yunanıstan, Macarıstan, Estoniya, Almaniya və Ermənistan finala vəsiqə qazanıb.
Finalda birbaşa iştirak etmək hüququ qazanan ölkələr isə Avstriya, Almaniya, Fransa, İtaliya, Böyük Britaniya, Avstraliya və İspaniyadır.
"Eurovision 2015”in final günü mayın 23-də baş tutacaq.
Virtualaz.org xatırladır ki, Elnur Hüseynov "Eurovision-2015” mahnı müsabiqəsinin favoritlərindən hesab olunur. Jurnalistlər və müsabiqəni izləmək üçün Avropanın müxtəlif ölkələrindən gəlmiş fanlar təmsilçimizin finalda şansını yüksək qiymətləndirirlər.
Onu da qeyd edək ki, bir müddət Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışan Elnur Hüseynov pop, caz, blüz formatında musiqilərin, həmçinin soul, ballada janrlarında mahnıların mahir ifaçısıdır.
O, Samir Cavadzadə ilə birgə 2008-ci ildə Serbiyada keçirilən "Eurovision” mahnı müsabiqəsində iştirak edərək "Day after day” mahnısı ilə səkkizinci yerə sahib olub. Təmsilçimiz "Notr dam de Paris” myuzikl tamaşasında əsas partiyalardan birini ifa edib.
Türkiyədə keçirilən "O səs” telelayihəsinin final mərhələsində isə Elnur Hüseynov müsabiqənin tarixində rekord səs toplayaraq qalib olub.
Bundan başqa o, bir sıra mötəbər yarışlarda da ölkəmizi layiqincə təmsil edib və mükafatlara layiq görülüb.