Bakı şəhərindəki orta məktəblərin birində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışan yazar Elnaz Eyvaz Şəmkirin Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına tam orta məktəbdə baş verən qalmaqallı hadisəylə bağlı Teleqraf.com-un suallarını cavablandırıb. Yenizaman.az müsahibəni təqdim edir:

 

- Bir neçə gündür, Şəmkir kənd məktəbində direktorla laborantın qarşılıqlı rüşvət və əxlaqsız video ilə bağlı ittihamları müzakirələrə səbəb olub. Sözügedən hadisə ilə əlaqədar reaksiyanız necədir?

 

- Bu olaya 5 ballıq qiymət sistemi ilə "2” qiyməti verərdim. Direktorla laborant bir-birini günahlandırır, lazım gəlsə, özlərini müdafiə etmək üçün şər də ata bilərlər. Dalaşan adamlar arasında belə halların olması qeyri-adi bir şey deyil. Şəmkir məktəbində baş verən situasiyada direktorun, yoxsa laborantın düz danışdığını bilmirəm.

 

Ümumiyyətlə, belə bir söhbətin məktəbdən çıxması biabrçılıqdır. Artıq maraqlı deyil ki, biabırçı söhbət direktorla müəllim arasında, yaxud müəllimlər arasında olub. Bu xəbəri həmin məktəbin şagirdləri ilə yanaşı, başqa məktəblərdə təhsil alanlar, o cümlədən, mənim şagirdlərim də oxuyur. Düşünürlər ki, direktor müəllimə əxlaqsız təkliflər irəli sürə bilərmiş. Uşaqdırlar, onlar məsələnin bir tərəfini bilirlər, digər tərəfindən xəbərləri yoxdur.

 

Rüşvət məsələsinə gəlincə, məsələ laborantın dediyi kimidirsə, rüşvət təklifi əxlaqsız təklifdən daha pisdir. Direktor xanımı günahlandırır ki, noutbukda videolar olub. Direktorun qeyri-əxlaqi dediyi videoları xanım özü izləyirmiş, başqasına əxlaqsızlıq aşılamırmış, başqalarına pislik etmirmiş. Sual olunur: hansı daha çox əxlaqsızlıqdır: noutbukunda hansısa videoları izləmək, yoxsa kimdənsə rüşvət almaq, kimisə rüşvət kimi əxlaqsız bir işə sürükləmək? Bilirikmi başqaları evində oturub noutbukunda nələrə baxır? Kimsə qeyri-əxlaqi videolara baxırsa-baxsın, bu, insanın şəxsi işidir. Daha kim baxır belə videolara, bilirikmi? Onda görün nə qədər cinayətə cəlb ediləsi adam var (gülür). Həqiqəti bilmirəm, bəlkə də, laborant direktora şər atır və ya əksinə, ancaq xanımın dediyi kimi direktor doğrudan da, rüşvət alırsa, deməli, o, rüşvət almaqdan çəkinmir. Bax problem budur. Niyə çəkinmir? Çünki bilir ki, ona heç kəs nə isə deməyəcək. Yəqin aldığından kimlərəsə ötürür ki, ona söz demirlər. Bu fikirlər, ümumiyyətlə, rüşvət alan müəssisə rəhbərləri və məmurların hamısına aiddir. Arxayın olurlar ki, kimsə ondan şikayət etsə də, məsələnin üstünü ört-basdır edəcək, ona bu işdə kömək edəcək adamlar var. 

 

- Neqativ hallar, adətən, bölgə məktəblərində müşahidə olunur. Rayondakı məktəblərin iki instansiyaya – icra hakimiyyətlərinə və təhsil şöbələrinə tabeçiliyi olduğundan bəzən bu qurumlar arasında baş verən qarşıdurmalardan məktəblər əziyyət çəkir, direktor iki qurumun diktəsi ilə fəaliyyət göstərməli olur. Belə iddialar nə dərəcədə real görünür?

 

- Rayon məktəbləri gözdən uzaq yerdə olduğu üçün oradakı neqativ hallar bir az diqqətdən kənarda qalır. Şəhər məktəblərində hər hansı neqativ hal olursa, gedib hadisəni yerindəcə araşdırmaq, vəziyyətdən xəbərdar olmaq imkanı daha genişdir. 

 

- Müəllim kimi necə düşünürsünüz, məktəblərdə direktor-şagird-müəllim münasibətləri necə qurulub?

 

- Bu münasibətlərin qurulması hər kəsin öz xarakterindən irəli gələn məsələdir. Mən sinif rəhbəri idim, sinfim keçən il məzun oldu. Valideyn zəng vurub hansısa müəllimdən şikayət edirdi, məktəbə gəlmək istəyirdisə, sinif rəhbəri kimi məsələnin üstünə özüm düşürdüm, çalışırdım ki, problemi yoluna qoyum. İstəmirdim ki, valideyn hansısa müəllimlə üz-üzə gəlsin, uşaqlar da gedib evdə desin ki, məktəbdə filan müəllim valideynlə dalaşdı. Söhbətin böyüməməsinə çalışırdım, lazım biləndə valideyni direktorun yanına gəlməyə qoymurdum, özüm gedib danışırdım. Yəqin bu, bir az da şəxsi xüsusiyyətlərdən irəli gələn şeydir, mən söz-söhbəti, dava-dalaşı sevmirəm, qorxuram (gülür). Bir məqamı də qeyd edim, müəllim savadlı olmalıdır, savadı olmayan adamın vicdanı necə qəbul edir ki, özünə müəllim deyib məktəbə getsin. Savad qədər vacib olan ikinci bir şey müəllimin təkcə şagirdə elm verməsi deyil. Şagird müəllimindən həm oturuş-duruş, bir sözlə, mədəniyyət, insanlıq öyrənməli, ona baxıb nümunə götürməlidir, müəllim şagird üçün mənəviyyat məcmuəsi olmalıdır.

 

Məsələn, Azərbaycan dili müəlliməsi təkcə qrammatikanı öyrətməli  deyil, kimsə müəllimdən qrammatikanı, bir başqası insanlıq öyrənə bilər. Təəssüflər olsun ki, bir çox müəllimlər şagirdlərlə münasibəti qura bilmirlər. 9-10-11-ci sinifdə oxuyan şagirdlər, xüsusilə oğlan uşaqları ilə necə gəldi rəftar etmək, onlara sinifdə ağır söz demək olmaz. Yaşlarının elə dövrüdür ki, özləri də bilmədən müəllimə ağır söz deyə, hətta əl qaldıra bilərlər. Hər bir şagirdi öz dilində danışdırmaq, fərdi xüsusiyyətlərini nəzərə alıb yanaşmaq lazımdır.

 

- Müəllimlər də şikayələnirlər ki, zəmanə dəyişib, uşaqlar əvvəlki tək deyil, tərbiyəsizləşiblər, aqressivləşiblər...

 

- Mən məktəbi 1993-cü ildə bitirmişəm. Guya bizim dövrümüzdə müəllimləri əsəbiləşdirən, dərsi pozan, tərbiyəsizlik, nadinclik edən uşaqlar yox idi? Sadəcə olaraq, indiki uşaqların bizim uşaqlığımızdan fərqi odur ki, indi informasiya bolluğudur, texnika əsridir, internetdə hər şeydən xəbərləri var, bizdə bu imkanlar yox idi. Bizdən fərqlidirlər, çünki bizdən daha çox məlumatlıdırlar. İnsan hər dövrdə insandır, nə verərsən, onu da qaytarıb sənə verərlər. 

 

- Uşaqlarla davranış məsələsinə toxundunuz, bir müddət öncə  məktəblərdə intihar xəbərləri intensiv yayılırdı. Belə məsələ qaldırıldı ki, məktəblərdə işlək psixoloqlar, sosial işçilər olmaldır, psixoloq ştatları formal xarater daşıyır və sair. Psixoloqların fəaliyyətini qənaətbəxş saymaq olarmı? 

 

- Məncə, bu, məktəbin müdiriyyətindən asılıdır. Direkor, ştatdakı işçilərdən iş tələb edərsə, o zaman heç bir ştat formal xarakter daşımaz. Sinif rəhbərləri ailə başçısı kimidir, o, hansı şagirdin nə problemi olduğunu daha yaxşı bilməlidir. Şagirdin psixoloqla söhbət etməyə ehtiyacı varsa, onda sinif rəhbəri psixoloqla əlaqə qurmalı, birlikdə uşaqla bağlı tədbir görülməlidir, lazımdırsa, təkbətək danışmalı və ya valideyni də çağırıb söhbət aparılmalıdır. Bütün ümumiləşdirilmələrin əleyhinəyəm, psixoloq ştatları bütün məktəblərdə formal deyil və ya formaldır demək olmaz.

 

- Rəsmi təsdiqini tapmasa da, sinif rəhbəri vəzifəsinin ləğv olunacağı xəbərləri dolaşır. Bu, reallaşarsa, şagirdlərin xeyrinə olacaq yoxsa?..

 

- Məktəbdə hər bir sinfin rəhbəri mütləq olmalıdır. Məsələn, məktəbdə 20 sinif varsa, bu sinifləri başlı-başına buraxsaq, o məktəb nə vəziyyətdə olar? Hər sinif rəhbəri öz sinfinə nəzarət edir, uşaqlar çəkinir ki, sinif rəhbərimiz var, bizə söz deyər, danlayar. Ali məktəblərlə orta məktəbləri müqayisə etmək olmaz. Universitetlərdə təhsil alanlar 17-18 yaşı keçən gənclərdir. 3 müəllim bir yerə düşəndə ağız deyəni qulaq eşitmir, o ki qaldı 20-25 şagird bir sinifdə rəhbərsiz ola.

 

- Diaqnostik qiymətləndirilmə maaş artımına səbəb oldu. Belə yenilikləri müəllimlər necə qarşılayır?

 

- Hazırda proses davam edir, müəllimi imtahan etmək lazımdır, savadlarını yoxladıqları kimi müəllimlərin psixologiyasını, qarşısındakı ilə necə münasibət qura bildiyini, həmsöhbət olduğunu da yoxlasınlar. İmtahanda bizə psixoloji suallar verilmişdi, sonradan o sualların cavabı gəlmədi. Bilmədim, gördülər ki, hamımız psixik ona görə cavab vermədilər, yoxsa hamımızı ağıllı gördülər (gülür). Özəl orta məktəblərdə müəllimlərin işə qəbulu zamanı imtahan turlarından biri də müsahibə turudur, müəllimlə üz-üzə oturub imtahan edirlər ki, görək şagirdlə necə danışacaq, özü etik normalara riayət edə bilirmi, sabah sinfə girəndə uşaqlar necə çalışacaq. Elə müəllimlər var ki, şagirdlə rəftar etməyi bacarmır. Uşaq belə müəllimdən hansı etik normanı öyrənsin?  Uşaqlar istəyir ki, müəllimləri onlarla dost olsun, amma müəllimlərin hamısı şagirdlərlə dost deyillər və bunu düzgün hesab eləmirlər. Hesab edirlər ki, müəllim şagirdlə xoş rəftar edə, gülüb-danışa, dərsdən kənar söhbət edə bilməz. Guya uşağın üzünə güləndə müəllimin başına çıxar. Vallah, elə müəllimlər var ki, heç vaxt uşaq onun gülümsədiyini də görməyib, amma çox rahatlıqla "başına çıxır”, dərsini pozur, dediyini eşitmir. Sadəcə olaraq, münasibəti düzgün qurmaq lazımdır. Şagirdi sevmək lazımdır, onların bu sevgiyə ehtiyacı var. Sən onları sevəndə danlasan da, şəkər-bal kimi qəbul edirlər. Mən uşaqlara zarafatla deyirəm ki, siz uşaq deyilsiniz, balaca adamlarsınız. 

 

- Bəs bir müəllim kimi sizi ən çox narahat edən məqam nədir? 

 

- Hazırkı yeni təlim metodu hələ də formalaşmayıb, dərsliklərdə yanlışlıqlar var. Neçə ildir bunu keçid dövrü ilə izah edirlər. Məni narahat edən odur ki, keçid dövrünün uşaqları 10-15 ildən sonra bu cəmiyyətdə hansı yeri tutacaqlar? Biz nəyisə təcrübə aparırıq, onun nəticəsi 5 ildən sonra bilinəcəksə, həmin periodda təhsil alan uşaqlar qurbana çevrilirlər.

 

Yeni təhsil metodu ilə oxuyan uşaqlar 2 ildən sonra qəbul imtahanı verəcəklər, səbirsizliklə nəticəni gözləyirəm. Bu metodun müsbət tərəfləri də var, amma hələ ipin ucunu tuta bilmirik. Dərsliklərdə o qədər yanlışlıqlar olur ki, uşağa düz olanı deyirsən, deyir kitabda belə yazılıb axı. Nə qədər fakt, əsas gətirməlisən ki, uşağa kitabda səhv yazıldığını sübut edəsən. Deməyə utanırsan ki, kitabda səhv yazılıb. Qayıdır ki, kitabda da səhv yazılar heç? Məktəb cəmiyyətin ən həssas yeridir. Bir şablon ifadə var, hər şey parta arxasından başlayır. Söhbətimizin əvvəlində Şəmkirdə baş verən hadisədən danışdıq, məktəblərlə bağlı belə hallar çoxdur. Görün, bu, nə qədər uşağın mənəviyyatına təsir edib. Uşaqların da bu söhbətlərdən xəbəri olur. Axı niyə məktəbdə biabırçı söhbətlər ictimailəşib bütün ölkəyə yayılandan sonra yoxlamalara başlanır? Məgər əvvəlcədən xəbərləri yox idi?

 


.