Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Çin Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Cao Sidini qəbul edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə C. Sidi Azərbaycana ikinci səfərinin I Avropa Oyunları ərəfəsinə təsadüf etdiyini, bu genişmiqyaslı idman tədbirinin Azərbaycan tərəfindən uğurla keçiriləcəyinə əminliyini ifadə edib.
Görüş zamanı tərəflər BMT Təhlükəsizlik Şurasının islahatlarına dair fikir mübadiləsi aparıblar. C. Sidi BMT Təhlükəsizlik Şurasının islahatı və bu kontekstdə cərəyan edən proseslər barədə öz ölkəsinin mövqeyini ifadə edib.
E. Məmmədyarov isə beynəlxalq sülh və təhlükəsizliyə böyük təhdid olan Ermənistan-Azərbaycan münaqişəsi barədə qonağa ətraflı məlumat verib. O, münaqişəyə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin hələ də icra edilmədiyini, Azərbaycan tərəfinin BMT Təhlükəsizlik Şurasının effektivliyinin artırılmasına gətirib çıxaracaq islahatların aparılmasında maraqlı olduğunu bildirib.
C. Sidi isə bildirib ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasının, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməsinin tərəfdarıdır.
Görüş zamanı tərəflər ikitərəfli siyasi dialoq və praktiki əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

.