Elm və Təhsil Nazirliyinin aparatında struktur dəyişiklikləri edilib.
Nazirlikdən verilən məlumata görə, dəyişikliklərə əsasən, nazirliyin aparatında şöbə və sektorlar yenidən adlandırılıb, yeni şöbələr yaradılıb.
Belə ki, yeni struktur bölmələr Məktəbəqədər və ümumi təhsil siyasəti, Elm və ali təhsil siyasəti, Peşə təhsili siyasəti, Uşaq və gənclərin inkişafı siyasəti, İctimaiyyətlə əlaqələr və kommunikasiya, Strateji planlaşdırma və icraya nəzarət şöbələri, Satınalmalar və qrantlar sektorudur.
Həmçinin nazirliyin aparatında mövcud olan Beynəlxalq əməkdaşlıq, Maliyyə, Təhsilin iqtisadiyyatı, Vətəndaşlara xidmət və sənədlərlə iş, Hüquq, İnsan resursları, Daxili nəzarət və Audit şöbələri də fəaliyyətini davam etdirəcək.
Struktur dəyişikliyindən sonra Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması, Məktəbdənkənar fəaliyyətin təşkili və Təhsilin inkişafı proqramları şöbələri ləğv edilib.
Bununla yanaşı, Əliyev Elnur Qəzənfər oğlu nazirin müşaviri təyin edilib. Elnur Əliyev eyni zamanda Təhsil İnstitutunun direktoru vəzifəsini icra edəcək.
Nazirin müvafiq əmri ilə Elvin Rüstəmov Aparat rəhbərinin müavini təyin olunub.
Aparılan vəzifə dəyişikliklərinə əsasən, Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinə Vəfa Yaqublu, Elm və ali təhsil siyasəti şöbəsinə Turxan Süleyman, Uşaq və gənclərin inkişafı siyasəti şöbəsinə Elnur Əliyev, Beynəlxalq əməkdaşlıq şöbəsinə Simuzər Feyzullayeva, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə isə Səbuhi Rzayev müdir təyin olunublar. Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdir səlahiyyətlərinin icrası isə Strateji planlaşdırma və koordinasiya sektorunun müdiri Leyla Xəlilova Rzazadəyə həvalə olunub.
Maliyyə şöbəsinin müdiri Rauf Orucov, Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri Kənan Kərimzadə, Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin müdiri Rəşad Xanlarov, Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov, Daxili nəzarət şöbəsinin müdiri Gündüz Əbdülov, Audit şöbəsinin müdiri isə Vaqif Məmmədovdur.
.