Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya rəhbərlərinin iştirakı ilə oktyabrın 3-də Prezident Administrasiyasında “Milli həmrəylik – siyasi dialoqun nəticəsi” adlı videokonfrans formatında görüş keçirilib.

APA-nın məlumatına görə, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə keçirilən tədbirdə ölkənin siyasi partiyalarının rəhbərləri bir araya gəlməklə, Azərbaycanda yaşanan milli və siyasi həmrəyliyi bir daha nümayiş etdiriblər.

Əvvəlcə erməni təxribatı nəticəsində cəbhə xəttində baş verən döyüşlərdə şəhid olmuş hərbiçi və mülki vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından iştirakçıları salamlayan Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev, ölkənin mütləq çoxluğu təşkil edən siyasi partiyalarının bir araya gəlməsindən və Prezidentin ətrafında olmalarından məmnunluğunu bildirib.

Administrasiyanın rəsmisi çıxışında cəbhədə yaşanan hadisələr, əldə olunan uğurlar, Prezident İlham Əliyevin mövqeyi, diplomatik müstəvidə qazanılan nəticələr, habelə Ermənistan hökumətinin qeyri-adekvat addımları haqqında geniş söhbət açıb.

Bildirilib ki, müasir tariximizin və haqq mübarizəmizin ən məsuliyyətli və ən qürurlu mərhələsini yaşayırıq. Bu günlərdə milli həmrəyliyə xidmət edən hər bir addım və layihə böyük əhəmiyyətə malikdir.

Ölkə ictimaiyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli və siyasi həmrəyliyə xidmət edən təşəbbüslərinin şahididir. 2020-ci ildə aparılan siyasi dialoqun məntiqi nəticəsi kimi, ilk çağırışla bu il iyulun 15-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi təxribatla əlaqədar müstəqillik tariximizdə ilk dəfə olaraq ölkədə fəaliyyət göstərən siyasi partiyaların 43-ü, sentyabrın 27-də isə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar 52 siyasi partiyadan 50-si Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşib və birgə dəstək bəyanatı imzalayıblar. Siyasi sabitliyə, etibarlı münasibətlərə və davamlı inkişafa xidmət edən bu addım milli həmrəyliyin, xalq-hakimiyyət birliyinin təcəssümüdür. “Həmin bəyanat “AzərTac” vasitəsilə 8 dilə tərcümə edilib, həmçinin dövlətimizin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə və Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirliklərinə göndərilib”, - deyə şöbə müdiri Ə.Vəliyev bildirib.

Son bir neçə ay ərzində siyasi dialoqun bərqərar olunmasında, etibarlı münasibətlərin formalaşmasında və siyasi partiyaların fəaliyyəti üçün dövlət tərəfindən göstərilən dəstək haqqında məlumat verən Ə.Vəliyev, mövcud istiqamətdə əməkdaşlığın mütləq davam etdiriləcəyini diqqətə çatdırıb.

Çıxışında parlamentin fəaliyyətinə xüsusi toxunan Ədalət Vəliyev VI çağırış Milli Məclisdə müxalifət partiyalarının təmsil olunmasını ölkəmizdə demokratik münasibətlərin və siyasi dialoqun mövcudluğunu sübut edən əsas göstəricilərdən biri kimi xarakterizə edib.

Sabit siyasi mühitin dəstəklənməsi və siyasi partiyaların bölgələrdə normal fəaliyyətinin təminat olunması üçün şöbə tərəfindən mütəmadi qaydada yerli icra hakimiyyəti başçıları ilə görüşlər keçirildiyi haqqında da məlumat verilib. Qeyd olunub ki, bütün siyasi qüvvələr üçün bərabər şəraitin yaradılması məqsədilə siyasi partiya sədrlərinin fəaliyyətinin təşviqi istiqamətində müvafiq tədbirlər görülür.

Yeni Azərbaycan Partiyası Sədrinin müavini-icra katibi Əli Əhmədov, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa və digərləri çıxışlarında bildiriblər ki, Ermənistanın siyasi hakimiyyəti xalqının diqqətini ölkə daxilindəki sosial-iqtisadi problemlərdən, pandemiyanın yaratdığı sosial çətinliklərdən yayındırmaq məqsədilə cəbhədə təxribat törədib. Bu, bir daha göstərir ki, Ermənistan hökuməti 30 ildir sürən münaqişənin həllində maraqlı deyil. Bu məqsədlə mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozur. Ermənistan baş nazirinin qəbuledilməz bəyanatları, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi müzakirələrində konstruktiv mövqe nümayiş etdirməməsi, “Qarabağ Ermənistandır” kimi sərsəm bəyanatları danışıqların pozulmasında əsas amillərdir.

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini və onun yanında olduqlarını bildiriblər.

Videokonfransın sonunda siyasi dialoqun dəstəklənməsinin ölkəmizdə demokratiyanın inkişafında mühüm rol oynadığını vurğulayan Prezident Administrasiyasının şöbə müdiri Ə.Vəliyev Azərbaycan xalqının ölkə rəhbərliyini daim dəstəklədiyini deyib, həmçinin milli və siyasi həmrəyliyin qorunması üçün bütün lazımi işlərin görüləcəyini vurğulayıb.

Çıxışını dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin “Bu gün işğal altında olan torpaqlar bizim tarixi torpaqlarımızdır. Bizim işimiz haqq işidir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, buna bizim haqqımız çatır, bunu edirik və edəcəyik!”, “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” fikirləri ilə bitirən Ədalət Vəliyev siyasi partiyaların rəhbərlərinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

.