"Biz Qərbin İranla nüvə danışıqlarını alqışlayırıq və hesab edirik ki, bu, regionda gərginliyin azalmasına səbəb olacaq”.
Bu sözləri Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov "The Daily Signal” saytına müsahibəsində deyib.
Səfirin sözlərinə görə, Azərbaycan İranın qonşusu kimi regionda münasibətlərin normallaşmasında maraqlıdır: "Biz regionu qeyri-sabit görmək, daha bir hərbi fəaliyyətin şahidi olmaq istəmirik. İran regionun aparıcı ölkələrindən biridir, İranda baş verən hər bir hadisə bizə və regiona təsir edir. Regionda yaşayan bizlərik. Həmçinin unutmayaq ki, İranda çoxsaylı etnik azərbaycanlılar yaşayır”.
İranı nüvə silahı yaratmaqdan çəkindirmək yollarından danışan E. Süleymanov bildirib ki, diplomatiyaya alternativ görmür: "İstənilən hərbi fəaliyyət prosesə cəlb olunan bütün tərəflər üçün zərərli ola bilər, regionda xaos yaranar”.
Səfir bildirib ki, Azərbaycan ABŞ-la terrorçuluğa qarşı mübarizə sahəsində tərəfdaşlıq edir: "Biz güclü tərəfdaşıq. Regionda hazırda ən vacib məsələ uzunmüddətli öhdəliklər və əlaqələrdir. Biz Əfqanıstan prosesinə cəlb olunmuş bir neçə ölkədən biriyik. Əfqanıstanda qüvvələrimiz var. Biz orada müxtəlif sahələrdə treninqlər keçiririk. NATO yüklərinin 40 faizi Azərbaycan ərazisindən keçir. Azərbaycan öz öhdəliklərini yerinə yetirib. Biz uzun illər ABŞ-ın güclü dəstəyini hiss etmişik. Lakin son illər bu ölkənin regiondan bir qədər uzaqlaşması müşahidə olunur. Əgər sizin regiona güclü strateji yanaşmanız varsa və ABŞ kimi super ölkə bunu edə bilərsə, onda müşahidə olunan neqativ hallar baş verməz”.
Ukraynada baş verənlərə toxunan E. Süleymanov bildirib ki, bu ölkənin ərazi bütövlüyünün pozulması postsovet məkanında ilk hal deyil: "1991-ci ildə Azərbaycanın qonşusu olan Ermənistan ərazi bütövlüyümüzü pozub. Əgər ABŞ ərazi bütövlüyü və suverenlik məsələsində tam, birmənalı və güclü mövqe nümayiş etdirməsə, bu kimi hadisələr təkrarlanacaq. ABŞ Ukraynanın ərazi bütövlüyü pozulduğu üçün Rusiyaya sanksiya tətbiq etmək barədə danışıqlar aparır, lakin eyni səbəb üzündən Ermənistana sanksiya tətbiq etməyib. Amerikalılar faktiki olaraq Ermənistanı müdafiə edirlər. Ermənistan ABŞ-dan ən çox yardım alan ölkələrdən biridir. Hiss olunur ki, mənim ölkəmin ərazi bütövlüyünə başqa ölkənin ərazi bütövlüyündən daha az əhəmiyyətli yanaşılır. Gəlin hər kəsə bərabər yanaşaq”.

.