Ermənistanda revanşist hisslərlə yaşayan qüvvələr və onlara havadarlıq edən xarici dairələr isə regionda yaranmış yeni reallıqları qəbul etməlidir.

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev deyib.

O bildirib ki, Ermənistan Azərbaycanın təhlükəsizliyinə risk yaradacaq bütün çirkin əməllərdən çəkinməlidirlər:

“Əks halda nəzərə almalıdırlar ki, dövlət başçısının dediyi kimi, “Dəmir yumruq yerindədir!”,- deyə Dövlər Təhlükəsizliyi Xidmətinin rəisi bildirib.

Əli Nağıtev bildirib ki, erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir:

“Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün. Mən bunu demişəm, bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan "Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın!”.

DTX rəisi: “Azad olunmuş ərazilərdə təhlükəsizliyin etibarlı təminatı məqsədilə kəsərli tədbirlər görülür”

44 günlük Vətən müharibəsi zamanı azad olunmuş torpaqlarda yaradılmış Dövlət Təhlükəsizliyi Xidmətinin yerli idarə və şöbələri tərəfindən xidməti fəaliyyətdən irəli gələn vəzifələr uğurla icra olunur.

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev deyib.

O bildirib ki, əməliyyat şəraiti daim nəzarətdə saxlanılmaqla təhlükəsizliyin etibarlı təminatı məqsədilə kəsərli tədbirlər görülür:

“Ölkə Prezidentinin hər zaman diqqət və qayğısını hiss edən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının respublikamızın digər şəhər və rayonlarında olduğu kimi işğaldan azad olunmuş torpaqlardakı ərazi orqanlarında da öz xidmətlərini daha səmərəli, çevik və operativ təşkil etmələri üçün hərtərəfli şərait yaradılmış, maddi-texniki təchizat ən yüksək səviyyədə təmin olunmuşdur”,
General-polkovnik bildirib ki, bu bir daha Ali Baş Komandan cənab İlham Əliyevin Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyətinə göstərdiyi etibarın və etimadın bariz təcəssümüdür:

“Dövlətimizin başçısını və xalqımızı əmin edirik ki, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti dövlətimizin ərazi bütövlüyünə, suverenliyinə, ölkədəki ictimai-siyasi sabitliyə və təhlükəsizlik mühitinə yönələn hər cür təhdidlərin qarşısını bundan sonra da qətiyyətlə alacaq, doğma Vətənin qorunması və müdafiəsi yolunda ümdə vəzifələrin lazımi səviyyədə icrası üçün bundan sonra da bütün qüvvə və vasitələrini səfərbər edəcək, xidməti borclarını layiqincə və vicdanla yerinə yetirərək, dövlətçiliyimizin və müstəqilliyimizin keşiyində daim ayıq-sayıq, sərvaxt duracaqdır!”.

DTX-nın müharibədən sonra azad olunmuş ərazilərdə hansı əməliyyatları keçirdiyi məlum olub

Müharibədən sonrakı dövrlərdə ağır məğlubiyyətdən dərs çıxarmayan erməni silahlı birləşmələri təxribatlar törətməyə cəhd edib.

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev deyib.

O bildirib ki, bunların qarşısının alınması məqsədilə 2020-ci ilin dekabr ayında Xocavənd rayonunun Hadrut qəsəbəsində və 2022-ci ilin mart ayında Xocalı rayonunun Fərrux yüksəkliyində Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı qüvvələrinin uğurlu antiterror əməliyyatlar keçirib:

“Həmçinin 2021-ci ilin may ayında Kəlbəcər rayonunun Dəmirdağ yüksəkliyində Azərbaycan Ordusunun təminat yollarını minalayan Ermənistanın kəşfiyyat-diversiya qrupunun terrorçuluq fəaliyyətinin qarşısının alınması əməliyyatı da xüsusilə qeyd edilməlidir”.

Əli Nağıyev: “İtkin düşmüş 6 hərbi qulluqçumuzun axtarış prosesi aktiv şəkildə davam etdirilir”

Vətən müharibəsi dövründə əsir və itkin düşmüş hərbi qulluqçularımızın qaytarılması və axtarışı üzrə də lazımi işlər görülmüş və bu fəaliyyət hazırda da davam etdirilir.

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası sədri Əli Nağıyev deyib.

O bildirib ki, komissiya tərəfindən aidiyyəti dövlət orqanları və beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində 12 hərbçimizin döyüş əməliyyatlarının gedişində yaralanaraq əsir götürüldüyü məlum olmuş və beynəlxalq təşkilatların vasitəçiliyi ilə onlar qısa müddətdə azad edilərək Vətənə qaytarılıb:

“Lakin təəssüflər olsun ki, 6 hərbi qulluqçumuzun taleyi hələ də qeyri-müəyyən olaraq qalmaqdadır və onların axtarış prosesi hazırda aktiv şəkildə davam etdirilir. İnanırıq ki, onların yaxınlarının və ailə üzvlərinin həsrətinə tez bir zamanda son qoyulacaq və hərbçilərimizin taleyinə tezliklə aydınlıq gələcəkdir”.

.