“Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsində dediyi faktlar əsasında bütün Rusiya ictimaiyyəti bilməlidir ki, ermənilərin, Paşinyanın məqsədi hansısa formada Türkiyə ilə Rusiyanı bu münaqişəyə cəlb etməkdir. Amma bu alınmır və alınmayacaq. Əksinə, son illər qurulmuş Türkiyə-Rusiya-Azərbaycan üçtərəfli əməkdaşlığı vacib məqamda öz effektini göstərir”.

Bunu APA-ya açıqlamasında Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

O bildirib ki, Prezident İlham Əliyevin Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova verdiyi müsahibə bu baxımdan xüsusi əhəmiyyət kəsb edir: “Birincisi, bir daha Azərbaycan Prezidentinin dünya miqyaslı, region miqyaslı bir lider olduğuna Rusiya ictimaiyyəti əmin oldu. Həm də ölkə Prezidenti suallara cavab verməklə yanaşı, Dağlıq Qarabağ probleminin tarixi faktları ilə bağlı Rusiya ictimaiyyətinə çox əhəmiyyətli məlumatları çatdırdı. Eyni zamanda, Azərbaycan-Rusiya münasibətlərinə də bir daha qiymət verdi. Ölkə Prezidentinin Dağlıq Qarabağın tarixi ilə, xüsusilə də onun çar Rusiyası ilə bağlı dövrünü faktlarla səsləndirməsi çox əhəmiyyətli idi. Çünki məlumdur ki, məhz Qarabağ xanı ilə Rusiya generalı arasında “Kürəkçay” müqaviləsi imzalanıb. Müqavilə müddətsiz imzalansa da, bu sənədin müddəaları sonrakı dövrdə çar Rusiyası tərəfindən pozuldu. Buna baxmayaraq, bu, çox mühüm tarixi sənəddir. Prezidentin yenə də tarixi faktlara söykənərək, xüsusilə də 1921-ci ildə Qafqaz bürosunun Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması ilə bağlı qərarını xüsusi vurğulaması da önəmli idi. Çünki o dövrdə Kirovun rəhbərliyi altında bolşeviklər məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibindən alınaraq Ermənistana verilsin. 5 iyul 1921–ci ildə bu məsələyə baxıldı və qərar qəbul olundu ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalsın. Bu da çox vacib tarixi faktdır. Çünki Ermənistan tərəfi hər zaman iddia edir ki, guya Azərbaycan Xalq Cümhuriyyəti dövründə Dağlıq Qarabağ Azərbaycanın tərkibində olmayıb. Bu, tarixi yalandır. Çünki hamı bilir ki, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov olub. İdarəetmə Xalq Cümhuriyyəti dövründə məhz azərbaycanlılarda olub. Bunu ingilis arxiv sənədlərindən də görmək mümkündür. Hətta 1921-ci ildə Dağlıq Qarabağın Azərbaycan SSRİ-nin tərkibində qalması ilə bağlı qərar qəbul olunub. Bunlar çox vacib tarixi faktlar idi”.

Komitə sədri qeyd edib ki, Azərbaycan Prezidenti Sovet İttifaqının dağılması ilə bağlı da məsələlərə aydınlıq gətirib: “Doğrudan da məhz Sovetlər İttifaqının dağılması nəticəsində keçmiş sovet respublikaları müstəqillik əldə etdilər. Amma təəssüflər olsun ki, bu proses nəticəsində Azərbaycan torpaqları işğal olundu. Çünki o prosesdə daşnaklar, erməni lobbisi çox aktiv idi. Qorbaçovun ətrafında çox sayda erməni müşavirlər mövcud idi. Faktiki olaraq Qərbdəki erməni lobbisi Sovetlər İttifaqının dağılması prosesində məhz milli məsələləri süni şəkildə qabardırdılar. Bu prosesdə ermənilərin rolu aktiv idi. Onların məqsədi hansısa formada Dağlıq Qarabağı ələ keçirmək, işğal etmək idi. O ərəfədə təəssüflər olsun ki, onlar buna nail oldular”.

Ə. Hüseynli vurğulayıb ki, Azərbaycan-Rusiya münasibətləri ilə bağlı Prezident İlham Əliyevin tezisləri çox vacibdir: “Əslində ermənilərin bütün bu dövrlərdə riyakarlıq etdiklərini ölkə başçısı bir daha diqqətə çatdırdı. Onlar öz hakimiyyətlərini indi Qərbyönümlü adlandırırlar, amma buna baxmayaraq, Kremlə, Rusiyaya üz tuturlar. Bununla da özlərini gülünc duruma salıblar. Prezident öz müsahibəsində bu məsələni də diqqətə çatdırdı. Əslində Rusiya ilə yaxşı münasibətləri olmadığı halda onların bu addımları ermənilərin riyakarlığını göstərir. Ölkə Prezidentinin Rusiya ictimaiyyətinə çatdırdığı mesajların mahiyyəti ondan ibarət idi ki, ermənilər daim riyakar və xəyanətkar mövqe tutublar. Çünki Ermənistanın bugünkü rəhbərliyi Soros, “məxməri inqilab”ların müəllifləri tərəfindən idarə olunur. O da məlumdur ki, bu istiqamət daha çox Rusiya əleyhinə fəaliyyət göstərir. Prezident bir daha Rusiya ictimaiyyətinə çatdırdı ki, Paşinyan hakimiyyəti antiRusiya mövqeyindədir. Sadəcə indi riyakarlıq edirlər. Təsadüfi deyil ki, son günlər ermənilər tərəfindən müxtəlif mitinqlər təşkil olunur, o cümlədən Fransada. Orada Rusiyanın dövlət başçısı Putinin ünvanına, rusların ünvanına kifayət qədər təhqiramiz fikirlər səsləndirilir”.

Deputat nəzərə çatdırıb ki, Rusiyanın müstəqil media qurumlarında, verilişlərində erməni lobbisinin təsiri altında olan bir sıra ekspertlər, siyasət adamları Azərbaycanla bağlı qeyri-obyektiv fikirlər səsləndirirlər: “Bunu Azərbaycan ictimaiyyəti də görür. Ölkə Prezidenti tərəfindən Rusiya ictimaiyyətinə yönəlmiş fikirlərin səsləndirilməsi indiki məqamda çox vacib idi. Bununla bərabər son illər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində son illər Azərbaycanın haqq işini dəstəkləyən ekspertlər, politoloqlar, siyasət adamları da var. Amma buna baxmayaraq, əleyhimizə olan çoxlu sayda ekspertlər də mövcuddur. Məhz bu ərəfədə ölkə başçısının müsahibəsi çox böyük əhəmiyyət kəsb etdi”.

Deputat bir neçə gün bundan əvvəl məhz Ermənistan ərazisindən yenə də raket qurğuları vasitəsilə Azərbaycanın şəhər və rayonlarına təhdidlərin mövcud olmasını xatırladıb: “Havadan müdafiə qoşunlarının bu təxribatın qarşısını almasından sonra Rusiyada ermənipərəst siyasət adamları, politoloqlar çox böyük səs-küylə çağırışlar edirdilər ki, Rusiya müdaxilə etməlidir. Bunu belə əlaqələndirirdilər ki, guya baş verənlər artıq Ermənistanın özünə qarşı təhdiddir və KTMT müdaxilə etməlidir. Əslində Prezident İlham Əliyevin indiki məqamda müsahibəsi bir daha onu göstərdi ki, artıq Rusiyanın daxilindəki o qüvvələr mövqelərini dəyişsinlər. Azərbaycana qarşı KTMT tərəfindən hər hansı addımlar atılmadı. Atıla da bilməzdi. Bu müsahibə onu göstərdi ki, o insanlar həm də Rusiyanın dövlət maraqlarına zərər vururlar. Ölkə başçısının bu müsahibəsi çox yerində oldu və bu konfliktin həlli baxımından bu müsahibədə deyilən fikirlər çox əhəmiyyətli idi”.

Komitə sədri Prezidentin müsahibəsində ikinci istiqamətin Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişafı ilə bağlı olduğunu nəzərə çatdırıb: “Ölkə başçısı bu münasibətlərin daha da inkişaf edəcəyini dəfələrlə vurğuladı. Ermənilər Rusiyanı bu münaqişəyə aktiv müdaxiləyə cəlb etməyə çalışsalar da, buna nail ola bilmirlər. Göründü ki, ermənilər heç kimə ümid edə bilməzlər. Azərbaycanın dövlət başçısı həm şəxsi nüfuzuna, həm də dövlətimizin nüfuzuna görə bütün təhdidlərin qarşısı alınır. Burada yeganə çıxış yolu torpaqların işğaldan azad olunmasıdır. Ölkə başçısının həm də Azərbaycana bu illər ərzində çoxlu sayda turist gəlməsinə diqqət çəkməsi təsadüf deyildi. Ölkə başçısı bu turistlərin koronavirus pandemiyasından sonra yenə də gələ biləcəklərini diqqətə çatdırdı. Bu, həm də bu Vətən müharibəsinin tezliklə uğurla başa çatacağından xəbər verən bir mesajdır. Çünki konflikt olan ölkəyə turistlər gəlməz. Ölkə başçısı bu çağırışı ilə münaqişənin tezliklə bitəcəyini xəbər verdi”.

.