"Türkiyəni təmsil edən 4 nəfərin Dağlıq Qarabağa qanunsuz səfəri və bəyanatları bizi nə qədər incitdisə, inanıram ki, sizi də, Türk dünyasının birliyini arzulayanları da o qədər incitdi".
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Çukurova Bələdiyyələr Birliyinin bələdiyyə rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşdə bildirib.
Ə. Həsənov Türkiyənin bəzi deputatlarının Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın əleyhinə olan qətnamənin qəbulunə səs vermələrinin də narahatlıq yaratdığını deyib: "Avropa Şurası Parlament Assambleyasında bəzi türk deputatların Azərbaycanın əleyhinə səs verməsi də bizi incitdi. Bu kimi halların olmamasını istərdik".
"Böyük güclər bir zaman Türkiyənin Ermənistanın sərhədinin açılmasına çalışdı. Dağlıq Qarabağın, Azərbaycan torpaqlarının işğal altında olduğu bir dönəmdə bu, yolverilməz idi".
Bunu da Əli Həsənov Türkiyə Çukurova Bələdiyyələr Birliyinin nümayəndə heyəti ilə görüşdə deyib.
Ə. Həsənov bildirib ki, Azərbaycan o dövrdə bu böyük güclərin təzyiqinə yetərli reaksiya verməyən Türkiyənin bəzi dövlət xadimlərindən də inciyib: "Ancaq türk xalqı bu məsələdə dirənişini ortaya qoydu və böyük güclərin planı boşa çıxdı. Türk xalqının dirənişi xalqımızın qəlbində kök atıb. Bu sevgini Azərbaycan xalqı heç vaxt unutmayacaq. Türkiyədə kimin hakimiyyətdə olmasından asılı olmayaraq, xalqın iraləsi Türkiyə-Azərbaycan münasibətlərini müəyyənləşdirir. Azərbaycan xalqının qəlbində Türkiyəyə böyük məhəbbət var".
