"Bundan sonra yeni dövr başlayır. Cənab prezident son müşavirədə yeni dövrün vəzifələrini də müəyyən elədi. Bununla bağlı mən və digər vəzifəli şəxslər cənab prezidentin tapşırığı ilə regionlara səfər edir, rayon ictimaiyyəti ilə birlikdə həmin vəzifələri müzakirə edir, qarşıda duran işlərlə bağlı dövlətin mövqeyini çatdırırıq".
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Qubada rayon ictimaiyyəti ilə keçirilən görüşdəkı çıxışında deyib.
Ə. Həsənov bildirib ki, qarşıdan gələn dövrdə Azərbaycanın inkişaf etmiş bazasına, infrastrukturlarına, əhalinin nikbin əhval-ruhiyyəsinə, ölkədə yaranmış demokratik ab-havaya, bazar iqtisadiyyatı normalarına, dövlət-vətəndaş, dövlət-sahibkar münasibətlərinin sağlam təməlinə söykənərək sonrakı inkişafımızı müəyyən etməliyik: Cənab prezident bununla bağlı bir çox vəzifələr irəli sürüb. Bir neçəsini diqqətinizə çatdırıram. Azərbaycanda demokratiya yolu ilə inkişafı bundan sonra da davam etməlidir. Demokratiya insan təşəbbüslərinin dəstəklənməsidir. Hər bir insan öz düşüncəsində uyğun, aldığı təhsildən, dünyagörüşündən, ətraf aləmdən mənimsədiyi bu və ya digər dəyərlərdən asılı olaraq müxtəlif təklif və təşəbbüslərlə çıxış edir. Dövlətin vəzifəsi həmin təşəbbüslərin ən dəyərlilərini, inkişaf üçün ən yararlılarını ümumiləşdirib, proqram halına salıb həyata keçirməkdən ibarətdir. Buna görə də insanlardan gələn təşəbbüslər ümumdövlət təşəbbüsünün təməlində dayanır. İnsanlardan gələn dəstək ümumdövlət siyasətinin gücünü və resursunu əks eləyir”.
Ə. Həsənovun sözlərinə görə, dövlətin öncül vəzifəsi əhalinin problemlərini həll etməkdir. Bunun üçün dövlətin bütün resursları, idarəetmə mexanizmləri - nazirliklər, komitələr, şirkətlər, mərkəzi və yerli icra hakimiyyəti orqanları hərəsi öz sahəsində insanların iqtisadi, siyasi, sosial mədəni, ailə, məişət və digər problemlərini həll etməlidirlər: "Dövlət iş yeri yaratmalıdır, amma bu və ya digər səbəbdən bunu etmək mümkün deyilsə, insanların bu sahədə qanunauyğun təşəbbüslərini dəstəkləməli və zəruri şəraiti təmin etməlidir. Bir sahibkar bir qrup adamı ətrafına yığıb hansısa iş sahəsi yarada, iş yerləri aça bilirsə, dövlət mövcud qanunvericilik çərçivəsində ona hərtərəfli dəstək göstərməlidir. Bir sözlə, dövlətin vəzifəsi yerlərdən gələn təşəbbüsləri dövlətin siyasəti və mövcud qanunlarına uyğun həyata keçirməkdən ibarətdir. Buna görə də yerli icra hakimiyyəti orqanları insanlardan gələn təşəbbüsləri müəyyən edib dövlətin standartları, qanunları, ictimai davranış normaları çərçivəsində dəstəkləməlidir”.
Əli Həsənov bildirib ki, prezidentin elan etdiyi kimi 2016-cı ildə çox ciddi iqtisadi və siyasi islahatlar həyata keçiriləcək: "Siyasi islahatlar bəllidir. İdarəetmədə struktur dəyişiklikləri həyata keçiriləcək, inkişafa mane olan, bir-birini təkrarlayan, səmərəsiz işləyən strukturlar ya ləğv olunacaq, ya da onların fəaliyyəti təkmilləşdiriləcək. Differensial fərqli yanaşma nəticəsində idarəçilik sisteminin tam modernləşdirilməsi və mövcud inkişafın tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur. İqtisadi islahatlar dedikdə, cənab prezident həm ümumilikdə bütün ölkə iqtisadiyyatının dinamik inkişafını təmin etmək, həm də hər bir region, rayon üçün differensial yanaşma tələblərini ortaya qoyub. Mərkəzdən hər bir rayonun sosial-iqtisadi inkişafı üçün ayrıca xətt ayırsa, bu tam olmayacaq. Tamlıq üçün yerlərdən təşəbbüslər gəlməlidir. Yerli icra strukturları, bələdiyyələr, digər qurumlar, həmçinin rayonlardan seçilmiş millət vəkilləri bu işə dəstək verməlidirlər. Ölkə iqtisadiyyatının ümumi inkişafı üçün hər bir rayon özünün potensialını işə salmalıdır. Yerli potensial işə salınanda isə dövlətin əsas tələbləri nəzərə alınmalıdır. Bu tələblər yerlərdə iqtisadiyyatın inkişafını, insanların potensialından istifadəni, onların sosial məsələlərinin həllini əhatə edir. Cənab Prezident dəfələrlə qeyd edib və reallıq da göstərir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində insan amili, Azərbaycan vətəndaşı dayanır. Dövlət də ona görə lazımdır ki, ümumilikdə cəmiyyətin və fərdi qaydada hər bir vətəndaşın problemini həll etsin. Ümumi problemlər sağlamlıq, işsizlik, təhsil məsələsi, sosial adaptiasiya, təşəbbüslərin dəstəklənməsi və s. məsələlərdir. Biri də var sosial müdafiəyə ehtiyacı olan aztəminatlı ailələr, xəstələr və s. Bunlar da fərdi problemləridir ki, həll olunmalıdır”.
"Biz neftlə gələn pulla Azərbaycanın elmi potensialını da inkişaf etdiririk. Azərbaycanın rəqabətədavamlı gənclərini formalaşdırırıq. Xarici ölkələrdə dövlətin hesabına təhsil alan nə qədər azərbaycanlı var".
Bunu da Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Qubada rayon ictimaiyyəti ilə keçirilən görüşdəkı çıxışında deyib.
Ə. Həsənov bildirib ki, dövlət bu gün xarici ölkələrə xeyli miqdarda kapital yatırıb: "Təkcə Türkiyə iqtisadiyyatına bizim qoyduğumuz və gələcək illərdə qoyacağımız 20 milyard dollara yaxın xarici kapital var. Bu kapital neftdən sonrakı dövrdə pul gətir gətirəcək. Biz Türkiyədə "Petkim” müəssisəsini özəlləşdirmişik. Türkiyə kimya sənayesinin tələblərinin təxminən 75 faizi həmin zavod vasitəsilə ödəniləcək. Gəlirlərimizin cüzi bir hissəsini həmin zavoda yönəltməklə, kimya məhsulları istehsal edəcəyik və çox böyük gəlir əldə edəcəyik. Dövlət Neft Şirkəti - SOCAR bu gün dünyada əsas neft brendlərindən birinə çevrilməkdədir. Bu gün dünyanın müxtəlif ölkələrində özünün yanacaqdoldurma və neftayırma müəssisələrini yaradıb. Nəqliyyat-tranzit imkanları, bərə terminalları, gəmi zavodu və digər infrastruktur da Azərbaycan üçün çox böyük əlavə imkanlar yaradır. Hər il Çindən Avropaya və əksinə 300 milyon tondan çox yük daşınır. Azərbaycan bunun 10 faizini qəbul edib ötürə bilsə, əldə olunan gəlirlər çox böyük perspektivlər açacaq”.
Ə. Həsənov deyib ki, bütün bunlara rəğmən cənab prezident həm də ölkənin bütün daxili resurslarının işə salınması tələbini ortaya qoyub: "Məsələn, Quba böyük, işlək əhalisi, münbit torpağı, dənizə çıxışı olan rayondur. Bu rayon niyə dövlətin dotasiyasında olmalıdır? Azərbaycan rayonlarının 90 faizi dövlətin dotasiyasında oturub mərkəzdən maliyyələşdirilir. Axı bu sonsuza kimi davam edə bilməz. Dövlət ancaq zəruri məsələlərin maliyyə təminatını öz üzərində saxlamalıdır. Rayonlar isə öz potensiallarından tam istifadə edərək, yavaş-yavaş dotasiyadan çıxmalıdır. Qubanın 50 faizi potensialı işə düşsə, rayonda işsiz adam qalmaz. Bağçılıq, meyvəçilik yerində tədarük olunsa, məhsul dünya bazarlarına çıxarılsa, rayon nəinki özünü təmin edər, hətta dövlətin zəruri xərclərinin bir hissəsini də öz üzərinə götürə bilər. Bunun üçün bütün imkanlar var, bu imkanlar işə salınmalıdır. Yerli hakimiyyət strukturları insanlardan gələn təşəbbüsləri dəstəklənməlidirlər. Regional birliklər yaranmalıdır. Nə vaxta qədər insanlar 15-20 sot torpağını çəpərləyib ailənin ehtiyacları üçün meyvə, tərəvəz yetişdirməklə kifayətlənəcəklər?! Artıq iqtisadiyyatın təmərküzləşməsi dövrü gedir ki, insan yalnız özü üçün lazım olanı eləməməlidir. Qubada 160 mindən çox əhali var. Dövlətin taxıl tədarükünə vəsait ayırmasını gözləmədən kənd təsərrüfatını inkişaf etdirib bu məsələni rayonun gücünə həll etmək olardı. Düzdür, Sahibkarlığa Yardım Milli Fondu tərəfindən verilən kreditlər hesabına Qubaya 20 milyondan artıq sərmayə yatırılıb. Təbii ki, bu da rayonda kənd təsərrüfatının, sahibkarlığın inkişafına təsir göstərib. Amma bu, yetərli deyil. Hər rayon, hər bölgə, hər kənd, hər qəsəbə, hər vətəndaş təşəbbüslərlə çıxış etməlidir. Neyləyək ki, biz özümüzü neft asılılığından qurtaraq? Biz sonrakı inkişafımızla bağlı daha nikbin, daha real nəticələri olan proqlamlarla çıxış etməliyik. Yəni necə edək ki, hər kəsin potensialından istifadə olunsun".
