2023-cü il Azərbaycan xalqı və ölkəmiz üçün çox əlamətdar və uğurlu il olub.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib.

Baş nazir deyib ki, Prezident İlham Əliyev 2024-cü ilin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində xüsusi olaraq vurğulayıb ki, bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq: “Dövlətimizin başçısı müasir tariximizin yeni dövrünün məhz 2023-cü il sentyabrın 20-dən sonra başladığını bildirib və bu gün ölkə qarşısında duran yeni vəzifələri yeni dövrün vəzifələri kimi dəyərləndirib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyətinə dair hesabat dövrü həm də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə, Prezident İlham Əliyevin prezidentlik fəaliyyətinin 20-ci ildönümünə təsadüf edir. Dövlət başçısının prezidentlik fəaliyyətinin 20-ci ildönümünün “Heydər Əliyev İli”nə təsadüf etməsi olduqca əlamətdardır. Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev onun strateji inkişaf xəttini uğurla davam etdirərək müstəqil dövlətçiliyin və müasir inkişafın Azərbaycan modelini yaratdı”.

.