Azərbaycan və Türkiyə arasında qarşılıqlı sərmayələrin həcmi məmnunluq doğurur.

Bunu Baş nazir Əli Əsədov Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.

Baş nazir bildirib ki, qarşılıqlı sərmayə qoyuluşunun bundan sonra da davam etməsi barədə razılıq əldə olunub: “Yeni birgə layihələrin nəzərdən keçirilməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verdik. Birlikdə reallaşdırdığımız nəhəng layihələr dünya enerji xəritəsini dəyişdirir. Ölkələrimiz Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır. Həm Azərbaycan, həm Türkiyə hökumətləri biznes dairələri arasında dialoqun artırılmasına dəstək verməyə hazırdır. Ölkələrimizdə bir-birimizə olan yüksək inam və etibar biznes dialoqunun uğurla davam edəcəyini deməyə əsas verir. Səfərin nəticələri ikitərəfli münasibətlərin daha da inkişafına təkan verəcək. Prezidentlərimiz arasında mövcud olan möhkəm qardaşlıq əlaqələri münasibətlərimizin inkişafına təsir göstərən ən əsas amildir. Əminəm ki, ölkələrimiz arasında olan əməkdaşlıq bütün sahələr üzrə bundan sonra da davam edəcək”.

.