Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən təsdiq edilmiş “Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı Tədbirlər Planı"nın icrası məqsədilə yaradılmış Koordinasiya Şurasının ilk iclası keçirilib.
Yenizaman bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, nazir çıxışında “Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” ölkə Prezidentinin 2019-cu il 29 may tarixli sərəncamı ilə islahatların əsas istiqamətlərinin müəyyən edildiyini və bu istiqamətlərə uyğun olaraq müvafiq işlərin aparılmaqda olduğunu bildirib. Elektroenergetika sahəsində islahatların əsas məqsədinin enerji təhlükəsizliyinin davamlı olaraq gücləndirilməsi, idarəetmə sistemlərinin qabaqcıl beynəlxalq təcrübə baxımından inkişaf etdrilməsi, özəl investisiyaların cəlb edilməsi, dövlətin maliyyə yükünün azaldılması olduğu vurğulanıb. Həmçinin, elektrik enerjisinin istehsalına çəkilən xərclərin optimallaşdırılması, səmərəliliyin və xidmət keyfiyyətinin daha da yüksəldilməsi, eləcə də rəqabət mühitinin təmin olunması sektorun inkişafı üçün əsas prioritetlər kimi qeyd edilib.
Sonra iclasın gündəliyinə uyğun olaraq “Elektroenergetika haqqında” qanunun və “Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar aidiyyəti qurumların gördüyü işlər haqqında məlumatlar diqqətə çatdırılıb.
Koordinasiya Şurasının nəzdində müvafiq istiqamətlər üzrə alt işçi qrupları yaradılıb, qarşıdakı dövr üçün görüləcək işlər müəyyənləşdirilib, müvafiq qərarlar qəbul edilib.
İclasda Energetika, İqtisadiyyat, Maliyyə, Ədliyyə nazirlikləri, Azərbaycan İnvestisiya Holdinqi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “Azərenerji” və “Azərişıq” ASC-lərin nümayəndələri iştirak edib.
.