Əlcəzair Azərbaycanla ikitərəfli əlaqələrin inkişafında maraqlıdır.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi bunu Əlcəzair Xalq Demokratik Respublikası Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfəri çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

Görüşdə dost ölkələr olan Azərbaycan və Əlcəzair arasında münasibətləri daha da inkişaf etdirmək üçün böyük potensialın mövcudluğu bildirilib. Vurğulanıb ki, ölkələrimiz arasında münasibətlərin mühüm bir istiqamətini parlamentlərimiz arasında əlaqələr təşkil edir. Dostluq qruplarının fəaliyyəti bu əlaqələrin daha da dərinləşdirilməsinə dəstək verəcək.

S.Qafarova qeyd edib ki, parlamentlərimiz beynəlxalq parlament təşkilatlarında da uğurla əməkdaşlıq edirlər və bu təşkilatlarda qanunverici orqanlarımız arasında qarşılıqlı dəstək mövcuddur. O cümlədən, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi çərçivəsində əlaqələrin daha da inkişafı barədə fikirlər ifadə olunub.

Görüşdə parlament spikerləri tərəfindən həyata keçirilən qarşılıqlı səfərlərin qanunverici orqanlar arasında əlaqələrin dərinləşməsinə töhfə verdiyi qeyd olunub. Tərəflər həmçinin müxtəlif sahələr üzrə parlament komitələri arasında əməkdaşlıq imkanlarını nəzərdə keçiriblər.

Əlcəzair Xalq Demokratik Respublikası Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbə münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına təbriklərini çatdırıb. O, beynəlxalq parlament təşkilatlarında qarşılıqlı dəstəyin əhəmiyyəti ilə bağlı fikirlərini ifadə edib.

Görüşdə həmçinin Azərbaycanın bu il COP-29-a ev sahibliyi etməsinin böyük əhəmiyyəti qeyd olunaraq, bu mühüm beynəlxalq tədbirə hazırlıqla bağlı ölkəmizin həyata keçirdiyi tədbirlər diqqətə çatdırlıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Qayana Milli Assambleyasının sədri: Azərbaycanla əməkdaşlığa xüsusi önəm veririk

Qayana Azərbaycanla beynəlxalq parlament təşkilatlarında əməkdaşlığa xüsusi önəm verir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bunu Qayana Kooperativ Respublikası Milli Assambleyasının spikeri Manzur Nadir Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində İsveçrə Konfederasiyasında işgüzar səfərdə olan Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

Görüşdə Parlamentlərarası İttifaq və digər beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşlərin, o cümlədən qarşılıqlı dialoqun qanunverici orqanlar arasında əlaqələrin genişləndirilməsinə imkan yaratdığı vurğulanıb.

Milli Məclisin sədri parlamentarilərin xalqlarımızı təmsil etdiyini diqqətə çatdıraraq, qanunverici orqanlar arasında əlaqələrin dərinləşməsinin xalqların yaxınlaşmasına da töhfə verdiyini ifadə edib.

Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də nəzərdən keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi çərçivəsində əlaqələrin əhəmiyyəti vurğulanıb.

Spiker Sahibə Qafarova ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliyevin irəli sürdüyü qlobal təşəbbüslər barədə qarşı tərəfə məlumat verib, bununla əlaqədar təşkilatın Parlament Şəbəkəsinin yaradılmasının parlament diplomatiyasının inkişafı baxımından önəmini diqqətə çatdırıb. Xatırladılıb ki, indiyədək Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin təsis və iki konfransı keçirilib.

Qayana Kooperativ Respublikası Milli Assambleyasının spikeri Manzur Nadir parlamentlərarası əlaqələrin əhəmiyyəti barədə fikirlərini bildirib.

Görüşdə hər iki ölkənin tolerantlıq və multikultural dəyərlərə böyük əhəmiyyət verdiyi diqqətə çatdırılaraq, dünyada müşahidə olunan milli, irqi və dini ayrı-seçkiliyin yolverilməzliyi ilə bağlı fikirlər səsləndirilib. Həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə də fikir mübadiləsi aparılıb.

.