Media subyektlərinə vergi güzəştlərinin tətbiq edilməsi gələcəkdə media subyektlərinə daha çevik və reallığa uyğun öz iqtisadi və biznes layihələrini həyata keçirməyə imkan verəcək.
Bunu bu gün keçirilən Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov bildirib.
Onun sözlərinə görə, bu güzəştlər eyni zamanda media subyektlərinin inkişafı və jurnalistikanın peşəkarlığının artırılmasına imkan verəcək: "Hazırda media reyestrindən olan subyektlərlə sıx işlər aparılır".
Vergi Məcəlləsinə dəyişikliyə əsasən, media subyektlərinin onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımların gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilməsi təklif edilir. Layihədə media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlərin, o cümlədən reklam gəlirlərinin gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilməsi təklif edilir. Dəyişikliklərdə həmçinin media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi təklif edilir.
Məcəlləyə dəyişikliklər layihəsi qəbul ediləcəyi təqdirdə 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil olunmayacaq.
.