
"Milli mətbuatımızın 150 illik yubileyində məhz gənclərə yönəlik belə bir mötəbər forumun keçirilməsi ideyası təsadüfən yaranmayıb".
Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
İcraçı direktor bildirib ki, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin qəzet təsis etmək ideyası məhz gənc yaşlarında yaranıb və çoxsaylı cəhdlərindən sonra bu ideyanı yalnız 1875-ci ildə reallaşdıra bilib:
“Azərbaycan milli mətbuatının yaradıcılarının hamısı - Cəlil Məmmədquluzadə, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Üzeyir və Ceyhun Hacıbəyli qardaşları və adlarını bu cərgədə qürurla ana biləcəyimiz bütün maarifçi ziyalılarının hamısı gənc yaşlarında belə təşəbbüslə çıxış ediblər. Onlar dövrün özünəməxsus çətinliklərinə, müxtəlif maneələrinə baxmayaraq, məqsədlərinə çatıblar. 150 illik mətbuatımızın tarixini yaradanlar Azərbaycanın ilk maarifçi gəncləri olublar. Biz bu gün zəngin tariximiz haqqında danışırıq, amma unutmayaq ki, bu, gənclərin yaratdığı tarixdir və bu prosesin məntiqi nəticəsi olaraq milli mətbuatımızın hazırkı estafetini də yeni nəsil gənclər, yəni sizlər qəbul etməlisiniz”.
Əhməd İsmayılov vurğulayıb ki, son 5 ilə yaxın dövr ərzində ölkəmizdə həyata keçirilən media islahatlarının əsas məqsədi Azərbaycanın informasiya mühitinin qorunması, jurnalistikamızın potensialının gücləndirilməsidir:
"Biz artıq media islahatlarının ilkin nəticələri barədə danışa bilərik və əminliklə vurğulaya bilərik ki, mediamızın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir. Düşünürük ki, media islahatlarının böyük töhfələrindən biri də dövlətin gənclərin media sahəsinə marağının formalaşması prosesini dəstəkləməsidir".
O qeyd edib ki, Azərbaycan mətbuatı bütün dövrlərdə kəskin senzura altında fəaliyyət göstərməyə məcbur olub: “Təbii ki, belə şərait jurnalistikanın öz funksiyasını tam yerinə yetirməsi üçün ciddi maneə hesab olunurdu. Yalnız 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin tarixi qərarı ilə senzuranın aradan qaldırılması nəticəsində Azərbaycan müstəqil mətbuat ənənələri daha da möhkəmlənməyə başladı. Prezident İlham Əliyev media sahəsində inkişafı sözün əsl mənasında müstəqil medianın gücləndirilməsində gördüyünü dəfələrlə vurğulayıb”.
.