Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) yollarda təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Qurumun baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlamasında deyib ki, Azərbaycan Respublikasının yol hərəkəti haqqında qanunvericiliyi sürücülərlə yanaşı digər hərəkət iştirakçıları barəsində də hüquqlar və vəzifələr müəyyən edir:
"Hərəkətin digər iştirakçıları dedikdə buraya piyadalar, sərnişinlər, mopedçilər, velosipedçilər, həmçinin son dövrlər xüsusilə istifadəsi geniş yayılmış qeyri-mexaniki nəqliyyat vasitəsi hesab olunan skuter və serverlər də bu təsnifata aiddir. Hər bir hərəkət iştirakçısı yollarda qaydalara ciddi şəkildə riayət etməklə özünün və ətrafdakıların həyat və sağlamlığını qorumuş olur".
Araz Əsgərli qeyd edib ki, yol hərəkəti qaydalarına əməl etməyənlər üçün İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsində 20 manatdan 100 manata qədər cərimələr nəzərdə tutulub:
"Hər hansı bir qayda pozuntusunun müvafiq inzibati tənbeh tədbirlərinə tuş gəlmək üçün deyil, şəxsin özünün həyat və sağlamlığının qorunması, ictimai münasibətdə düzgün rəftarının ətrafdakı insanların da qaydalara daha məsuliyyətli şəkildə yanaşmasını təmin etmək üçün olduğunu unutmamalıyıq. Xüsusilə deməliyik ki, valideynlər himayələrində olan azyaşlı övladlarına ciddi nəzarət etməli, onları velosiped və serverlərlə ümumi istifadə olunan yollara buraxılmasının qarşısının alınmasında maraqlı olmalıdırlar. Yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etməyi gündəlik həyatımızda tətbiq etməyin vacibliyini bir daha hərəkət iştirakçılarımızın diqqətinə çatdırırıq".
.