Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

İdarədən daxil olan müraciətdə bildirilir ki, yay mövsümünün yaxınlaşması ilə əlaqədar havaların isinməsi pandemiya şəraitində uzun müddət evdə qalmış vətəndaşların istirahət, gəzinti məqsədilə paytaxtdan rayonlara səfər etmələrinə zəmin yaradıb. Bu səbəbdən istər paytaxtdan bölgələrə, istərsə də əks istiqamətdə nəqliyyat axınının artması müşahidə edilir.

“Avtomobil yollarında son vaxtlar baş vermiş yol-nəqliyyat hadisələri üzrə təhlil aparılarkən bir çox halda sürücülərin gün ərzində yuxu və istirahət rejiminə əməl etmədən, yorğun formada nəqliyyat vasitələrini idarə etmələrinin ağır nəticəli qəzalara səbəb olduğu müəyyən edilib. Hətta bəzən bu kimi vəziyyətlərdə avtomobilin idarə olunması nəticəsində eyni istiqamətdə qarşıda hərəkətdə olan nəqliyyat vasitəsinin arxa hissəsinə, yol kənarında yerləşən maneələrə toxunulmaqla qəza baş verib ki, sürücü və ya sərnişinlər həlak olmuş yaxud müxtəlif dərəcəli bədən xəsarəti alıb”, - deyə müraciətdə bildirilir.

Yol-nəqliyyat hadisələrinin qarşısının alınması, yollarda rahat və təhlükəsiz hərəkətin təmin olunması üçün Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə çağırış edərək uzaq məsafələrə səyahət edərkən yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi, tələskənliyə yol verməməyi, hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə avtomobili saxlayıb istirahət etməyi, eləcə də yollarda sürət rejiminə ciddi əməl olunmasını xahiş edir.

“Məlumat üçün bildiririk ki, respublikanın avtomobil yollarında olan bütün stasionar postlarda vətəndaşların əl-üzünü yuması, onların qısa müddət istirahət etməsi müvafiq şərait yaradılıb.

Unutmaq olmaz ki, istirahət rejiminə əməl edilmədən, uzun müddət, fasiləsiz nəqliyyat vasitəsinin idarə olunması sürücülərin özləri ilə yanaşı avtomobildə olan sərnişinlər və digər hərəkət iştirakçıları üçün potensial təhlükədir”, - deyə müraciətdə vurğulanır.
 

.