Yenizaman az, CTV-yə istinadən xəbər verir ki, Lənkəranda yığımına başlanılan mütərəqqi üsulla əkilən çəltiyin  məhsuldarlığı gözləndiyindən üstündür. Hava şəraiti işin ahənginə bir qədər təsir etsə də, təsərrüfatçılar məhsulu itkisiz toplamaq fikrindədir. Növbəti illərdə əkin sahələrinin 2 dəfəyədək artırılması planlaşdırılır.

Bu il çəltik sahələrini 200 hektara çatdıran "Astaraçay” müəssisəsi artıq bir neçə gündür biçimə başlayıb. Biçim bu il ilk dəfə olaraq sırf çəltik biçən kombaynın köməyilə həyata keçirilir. Əkində müxtəlif ölkələrdən gətirilərək Cənub bölgəsinin iqliminə uyğun olan üç çəltik sortundan istifadə olunub. Məhsuldarlıq da xeyli yüksəkdir.

 Baş aqronom İsrafil İsrafilov: "Haşımi sortundan 5 tondan yuxarı məhsul götürürük. Biz bu il "haşımi” ilə yanaşı, italiyadan gətirilmiş qara düyünü də əkmişik. Həmin sortların məhsuldarlığı "haşımi”dən yüksəkdir.”

 Amma son günlər havaların yağıntılı keçməsi bir qədər biçimin sürətinə təsir göstərib.

 Türkiyəli mütəxəssis Abdulla Gəzgin: "Yağış səbəbindən bu il iş bir qədər çətin başa gəlir. Əgər ötən il bir günə 8 hektar ərazini biçə bilirdiksə. Bu il bir günə yalnız 4 hektar ərazini biçə bilirik.”

 200 hektar çəltik sahəsindən orta hesabla min tondan yuxarı məhsul yığılması gözlənilir ki, bundan da 60 faiz xalis düyü əldə ediləcək. Hazırda bir kiloqramı 4-5 manata olan yerli düyüyə ekoloji təmiz məhsul olduğundan təlabat da çoxdur.

Amma bugün ümumilikdə Cənub bölgəsində cəmi 400-500 hektar çəltik əkilir ki, bu da ölkə üzrə tələbatın çox cüzi hissəsini ödəyir.

 Baş aqronom İsrafil İsrafilov: "Təlabatın heç 5 faizini ödəyə bilmirik. Torpaqlar boş qalıb. Heç olmasa belə kombayndan gətirilsə, biz 500-600 həktar da əlavə əkmək fikrimiz var.”

 Bu sahədə ən ciddi çətinlik isə çəltik toxumu ilə bağlıdır. "Astaraçay” müəssisəsi toxumu xarici ölkələrdən böyük əziyyətlə gətirən fermerlərə də bu sahədə dəstək olmağı düşünür.

 Baş aqronom İsrafil İsrafilov: "Nəzərdə tutmuşuq bu il aşağısı 200-300 tona qədər toxumu münasib qiymətə  fermerlərə verəcəyik.”

 Hava əlverişli keçərsə çəltik biçimini bir aya başa çatdırmaq nəzərdə tutulub.

.