Tez-tez sual olunur ki, bəs niyə digər torbalar da qadağan olunmur, onlara qarşı tədbir görülmür. Dünya praktikasında da plastik tullantılara qarşı mübarizə mərhələli şəkildə həyata keçir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova deyib.

Onun sözlərinə görə, 2019-cu ilin fevral ayında ölkə rəhbəri plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması istiqamətində Tədbirlər Planı imzalamışdır. Həmin tədbirlər planında plastikdən istifadənin tədricən azaldılması, birdəfəlik plastik qablardan imtina, alternativlərdən geniş istifadənin təşviqi və tətbiqi öz əksini tapmışdır.

S.Məmmədova əlavə edib ki, qalınlığı 15 mikrona kimi olan torbalara qadağa artıq 1 yanvar tarixindən qüvvəyə minib. Belə torbalara məişətdə tez-tez istifadə etdiyimiz “pinqvin” adlandırdığımız və onlar kimi nazik torbalar aiddir:

"Niyə sırf belə torbalar qadağan edilib sualına gədikdə isə, onlar təkrar emala yararlı deyil, daha nazik, yüngül çəkili olduğu üçün küləklə ərazilərə yayılaraq su tutarları, çayları, gölləri, torpaq qatını çirkləndirir. Yüz illərlə çürümədən hissəciklərə parçalanıb suya, torpağa qarışır. Heyvanların, quşların məhvinə səbəb olur. Eyni zamanda belə torbalar daha çox qidaların saxlanılması üçün istifadə edilir. Temperatur dəyişikliyində, istidə, soyuqda, zəhərli maddələr qidayla qarışır və sağlamlığımız üçün təhlükə mənbəyinə çevrilir. Əvvəl plastik və onun zərərləri barədə məlumatsız olan insanlar indi artıq özləri də bunun azalması, alternativlərdən istifadə olunmasında maraqlıdırlar. Alternativlər isə kağız, bioparçalanan torbalar və qablaşdırmalar, parça, həsir torbalardır. Müxtəlif çeşiddə, hər büdcəyə uyğun alternativlər var".

.