Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov, Rauf Əliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən D.Xəlilov ifadə verib.
O bildirib ki, 1995-ci ildən Beynəlxalq Bankla işgüzar münasibətlər yaradıb: "2005-ci ildən ictimai fəaliyyətə başlamışam. Həmin ildən sonra isə komersiya fəaliyyətimə xitam verilib. Cəmiyyətdə kifayət qədər tanınan şəxsəm. Mən cinayət işində göstərilən həmin şirkətlərin rəhbəri olmamışam. Biz Beynəlxaq Bankdan kredit götürüləndən sonra pulları görməmişik. Pul "İntertekstl" şirkətinin fəaliyyətinə lahiyə məqsədi ilə ayrılıb. Pullar da bankda qalıb".
Onun sözlərinə görə, "Səbail Mebel" və digər şirkətlərə də eyni qayda ilə kredit ayrılıb: "Kreditlərin götürülməsi üçün sənədlər hazırlanıb, Beynəlxalq Bankın rəhbərliyinə göndərilirdi. Vəsaitlər iki bank vasitəsi ilə xarici bankların hesablarına köçürülüb. Mən həmin sənədləri məhkəməyə təqdim edə bilərəm. Şirkətlərdə təsisçi kimi görülən işlərin monitorinqini aparmışam. Şirkətlər isə Beynəlxaq Bankının rəhbərliyinin nəzarətində olub. Mən saxlanıldıqdan sonra istintaqa köməklik etmişəm. Çünkü orada mailiyyə məsələsini çox da yaxşı bilmirdilər. Xahiş edirəm bunu nəzərə alın. Pulları mənimsəməmişəm. Bilmirəm məni buraya niyə gətiriblər".
Daha sonra D.Xəlilov prokurorun suallarını cavablandırıb. Dövlət ittihamçsısı şirkətlərə Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin olub-olmamasını soruşub. Keçmiş deputat isə şirkətlər Beynəlxalq Bankın nəzarətində olduğunu söyləyib.
Prokuror bildirib ki, D.Xəlilov istintanqda verdiyi ifadəsində kreditlərin götürülməsi göstərişini C.Hacıyev tərəfindən aldığını deyib.
D.Xəlilov bankdan götürülən pulları xarici ölkələrdə lahiyə əsasında yaradılan işlərə ayrıldığını vurğulayıb: "Həmin işlərə isə Beynəlxalq Bank nəzarət edirdi. Pullar da lahiyəyə xərclənib".

.