Ölkəmizin elmi-texniki tərəqqisində mühüm rol oynayan informasiya-kommunikasiya texnologiyalarının dinamik inkişafı kibertəhlükəsizlik sahəsində təhlükəsizlik risklərinin idarə edilməsini və informasiya infrastrukturlarının kibertəhdidlərə qarşı dayanıqlılığının artırılmasını da labüd edir. Bu isə öz növbəsində təhlükəsizliyin təmin olunmasında yeni yanaşmalar tələb edir və informasiya təhlükəsizliyinin etibarlı təminatı baxımından dövlətlərin məsuliyyətini xeyli artırır.

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev "Critical Infrastructure Defence Challenge 2023" tədbirində çıxışı zamanı bildirib.

"Təsadüfi deyil ki, kritik informasiya infrastrukturlarının kibermüdafiə qabiliyyətinin gücləndirilməsi müasir dövrün ciddi əhəmiyyət kəsb edən çağırışlarından və təhlükəsizlik cəhətdən vacib vəzifələrdən hesab olunur.
Milli Kibermərkəzin qurulması istiqamətində işlər həyata keçirilir. Onu da qeyd edim ki, kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin edilməsi, eləcə də kibertəhdidlərə qarşı mübarizə işinin təşkili yönümündə tərəfdaş ölkələrin xüsusi xidmət orqanları və kibertəhdidlərə qarşı mübarizə sahəsində qabaqcıl texnologiya şirkətləri ilə əməkdaşlıq genişləndirilir və bütün bunlar milli kiberməkanın müdafiə qabiliyyətinin artırılmasına, həmçinin qlobal kiberməkanda mövqeyimizin gücləndirilməsinə xidmət edir.
Xüsusilə vurğulamaq istəyirəm ki, Prezident İlham Əliyevin kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafına göstərdiyi diqqət və qayğı ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin ciddi şəkildə yaxşılaşdırılması ilə nəticələnib", - deyə Əli Nağıyev vurğulayıb.

.