Azərbaycanda fərdi uçot sistemində qeydiyyatda olan qadınların pensiya təyinatı avtomatlaşdırılmış qaydada həyata keçirilir.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşı Ayxan Məcidov "Pensiya təyinatı və hesablanma qaydaları"na həsr olunan canlı bağlantıda deyib.

Onun sözlərinə görə, 62 yaşı tamam olan qadın fərdi uçot sistemində qeydiyyatdadırsa, onun 1 yanvar 2006-cı il tarixdən 1 iyil 2018-ci il tarixədək 1 ay olsa belə, stajı varsa, ona avtomatlaşdırılmış qaydada pensiya təyinatı həyata keçiriləcək:

"Bu hal olmadıqda isə vətəndaş əgər 2006-cı ilə qədər 25 il stajının olduğunu bilirsə, pensiya təyinatı üçün DSMF və ya DOST Mərkəzlərinə müraciət edə bilər. Əgər şəxsin 25 il stajı varsa, o, pensiyaya çıxmaq imkanından yararlanacaq".

A.Məcidov əlavə edib ki, əgər qadının 5 uşağı varsa, o, pensiya hüququnu 5 il tez əldə edə bilər:

“Əgər bu gün qadınlar üçün pensiyaya görə yaş həddi 62 yaşdırsa, 5 övladı olduqda onun üçün yaş həddi 57-ə enir. 6 övladı olduqda isə qadın pensiya hüququnu 6 il, 7 övladı olduqda 7 il tez əldə edir”.

A.Məcidov qeyd edib ki, 62 yaşına çatan qadın ötən müddətdə heç bir zaman işləməyibsə, ona əmək pensiyası təyinatı həyata keçirilməyəcək. Amma belə qadınlar yaşı 62-ə çatdığı zaman sosial müavinətlə təmin oluna bilərlər.

Ali təhsil dövrü staj kimi qəbul edilir 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarı ilə ali təhsil dövrü artıq staj kimi qəbul edilir. Əvvəlki dövrlərdə bu, yox idi.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşı Ayxan Məcidov "Pensiya təyinatı və hesablanma qaydaları"na həsr olunan canlı bağlantıda deyib.

Onun sözlərinə görə, bu yenilik vətəndaşların pensiyalarının artımına bir dəstəkdir.

A.Məcidov əlavə edib ki, avtomatlaşdırılmış qaydada pensiya təyinatı həyata keçirilən şəxslər onlara təyin edilən pensiyanın mələğindən narazı qaldıqları halda DSMF-nin yerli şöbələrinə və ya DOST Mərkəzinə müraciət edə bilərlər. Bu halda vətəndaş üçün əsas sənəd əmək kitabçasının surəti olacaq. Vətəndaş əmək kitabçasının surətini təqdim etdiyi halda onun pensiyasının məbləğinə yenidən baxılacaq:

“Əgər müraciət edən kişidirsə, onun hərbi xidmətdə olduğu müddət də staj kimi qəbul edilir. Eyni zamanda, vətəndaş diplomu da tədim etməklə ümumi stajını yenidən hesablatdıra bilər".

Hərbçilərə pensiya təyinatının avtomatlaşdırılması tezliklə həll ediləcək

Hərbi qulluqçuların və ailə başçısını itirməyə görə pensiyaların təyinatının avtomatlaşdırılması məsələsi tezliklə həll ediləcək.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Ayxan Məcidov "Pensiya təyinatı və hesablanma qaydaları"na həsr olunan canlı bağlantıda deyib.

Onun sözlərinə görə, pensiyaların böyük hissəsi elektronlaşdırılıb:

“Çox cüzi qalıb. Onlar da hərbi qulluqçular və ailə başçısını itirməyə görə pensiyalardır. Bu pensiyaların da təyinatının avtomatlaşdırılması layihələrdə var. Bu məsələlər də tezliklə həll ediləcək”.

.