
"Biz aprelin 22-də Azərbaycan məhkəməsinin hüquqşünas İntiqam Əliyevi şübhəli ittihamlarla 7 il yarım azadlıqdan məhrum etməsi və vəzifə tutmasına 3 illik qadağa qoymasından narahatıq”. Bunu aprelin 23-də ABŞ Dövlət Departamentinin sözçüsü vəzifəsini icra edən Marei Harf deyib.
"Ölkənin ən tanınmış insan haqları müdafiəçilərindən olan, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri Əliyev Azərbaycanda hüququnu aliliyi və dinc fəalların müdafiəsi üçün çox çalışıb. O, Avropa İnsan Haqları Məhkəməsinə yüzlərlə iş göndərib və çoxunda qələbə qazanıb”.
"Azərbaycan hökumətini Əliyevi və fundamental azadlıqlardan istifadəyə görə həbsə atılmış digərlərini buraxmağa çağırırıq. Hökuməti həmçinin çağırırıq ki, bütün vətəndaşlarının Azərbaycanın öhdəlik götürdüyü beynəlxalq sazişlər çərçivəsindəki hüquqlarını təmin etsin,” Marie Harf deyib.
İntiqam Əliyev barəsində məhkəmə hökmü aprelin 22-də çıxarılıb. O, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq, mənimsəmə və israf etmədə ittiham olunub. Yerli və beynəlxalq hüquq müdafiəçiləri İntiqam Əliyevin həbsini siyasi sifariş hesab edir. Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty International» İntiqam Əliyevi «vicdan məhbusu» elan edib.
Marie Harf aprelin 16-da ABŞ hökuməti insan haqları fəalı Rəsul Cəfərova əsasən siyasi motivli sayılan ittihamlarla altı il yarım həbs cəzası verilməsindən narahatlığını bildirmişdi. Azərbaycan Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev isə bu bəyanatın "təəccüb doğurduğunu” bildirmiş, ölkədə qanunun aliliyi, fundamental azadlıqların qorunması və məhkəmə sisteminin müstəqilliyinin tam təmin olunduğunu qeyd etmişdi. (azadliq.org)