Ali Baş Komandanın müvafiq Sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edilib.

Bunu  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev bildirib.

Onun sözlərinə görə, qismən səfərbərliklə bağlı planda nəzərdə tutulandan daha çox, on minlərlə vətəndaş Xidmətin Aparatına və yerli struktur bölmələrinə müraciət edərək ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirak etmək istədiklərini bildirirlər: "Vətəndaşların bu ruh yüksəkliyi və çoxsaylı müraciətlərinin nəticəsidir ki, proses uğurla həyata keçirilir və onlar təlimlərə cəlb edilirlər. Biz vətənpərvərlik nümayiş etdirərək döyüşlərə könüllü qatılmaq arzusunda olan çoxsaylı vətəndaşlara bir daha təşəkkür edirik".

Dövlət Xidməti: Müddətli hərbi xidmətə çağırılanlar cəbhəyə deyil, təlim mərkəzlərinə göndərilir

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin avqustun 26-da imzaladığı Sərəncama əsasən, oktyabr çağırışına başlanılıb.

Bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda aparılan müddətli hərbi xidmətə çağırış qanunvericiliyə uyğun olaraq, hər il olduğu kimi, ildə 4 dəfə həyata keçirilən prosedurdur.

“Bu çağırışın hazırkı hərbi vəziyyətlə heç bir bağlılığı yoxdur. Həmişə olduğu kimi, 18 yaşı tamam olmuş və möhlət hüququ olmayan gənclər qanunvericiliyə uyğun olaraq Vətən qarşısında borclarını yerinə yetirmək üçün əsgəri xidmətə yola salınırlar. Gənc əsgərlər cəbhəyə deyil, müvafiq qoşun növlərinin hərbi hissələrinə - təlim mərkəzlərinə göndərilir və qarşıdakı 3 ay müddətində onlarla orada təlimlər keçiriləcək, hərbinin sirləri öyrədiləcək, sonra xidmətlərini təyin olunduqları yerlərdə davam etdirəcəklər”, - deyə Z. Abdullayev qeyd edib.

.