İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsas prioriteti vergi sisteminin tam rəqəmsallaşdırılmasıdır.
Bunu qurumun Rəqəmsal vergi inzibatçılığı baş idarəsinin şöbə rəisi Günay Mahmudova Bakıda keçirilən "Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar" adlı forumda bildirib.
Onun sözlərinə görə, Dövlət Vergi Xidməti 2025-2028-ci illər üzrə strategiyası çərçivəsində vergi sisteminin tam rəqəmsallaşdırılmasını və vergi ödəyicilərinə münasibətdə insan amilinin minimuma endirilməsini hədəfləyir: "Strategiyamız çərçivəsində əsas prioritetlər rəqəmsal transformasiya, süni intellektin tətbiqi, könüllü əməl etmənin təşviqidir. Gələcək planlarımızdan biri də Əlavə Dəyər Vergisi (ƏDV) bəyannaməsində və mərhələli şəkildə digər bütün bəyannamələrdə "Pre-filled" (öncədən doldurulmuş) mexanizminin tətbiq olunmasıdır. Eyni zamanda vergi inzibatçılığında süni intellektə əsaslanan risk analizi mexanizminin tətbiqi də əsas prioritetlərdən biridir".
.
