Dövlət qulluqçusuna ixtisas dərəcələrinin verilməsi və onlardan məhrum edilməsi qaydası dəyişib.

Bu, Milli Məclisin növbəti plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq “Dövlət qulluğu haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, inzibati vəzifələrin ali təsnifatı istisna olmaqla, birinci-ikinci təsnifat inzibati vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə ixtisas dərəcəsi alması üçün dövlət qulluğunda azı 5 il qulluq stajı olmalıdır.

Qüvvədə olan qanuna əsasən, bu müddət 10 il nəzərdə tutulub.

Eyni zamanda yeni qanun layihəsinə əsasən, “inzibati vəzifələrin üçüncü-altıncı təsnifat vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə daha yüksək (növbəti) ixtisas dərəcəsi alması üçün müvafiq vəzifə də daxil olmaqla, həmin təsnifata daxil olan vəzifələrdə azı 4 il qulluq stajı olmalıdır” tələbi ləğv ediləcək.

Eyni zamanda qanun layihəsinə təklif edilən yeni maddəyə əsasən, dövlət qulluqçusuna yuxarıda göstərilən tələb (ixtisas dərəcəsi alması üçün dövlət qulluğunda azı 5 il qulluq stajı olmalıdır) nəzərə alınmadan daha yüksək (növbəti) ixtisas dərəcəsi aşağıdakı hallarda verilə biləcək:

- Xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticəsinə uyğun olaraq, qulluq funksiyalarını nümunəvi icra etdiyinə və işindəki yüksək nailiyyətlərinə görə;

- yuxarı təsnifat dövlət qulluğu vəzifəsinə təyin edildikdə;

- Bu qanunun 17.4-1-ci maddəsində nəzərdə tutulmuş qaydada dövlət qulluqçusuna vaxtından əvvəl ixtisas dərəcəsi və onun malik olduğu ixtisas dərəcəsində qulluq müddətinin ən azı yarısı keçdikdən sonra verilə bilər.

- Bu qanunun 17.4-1.1-ci maddəsində (xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticəsinə uyğun olaraq, qulluq funksiyalarını nümunəvi icra etdiyinə və işindəki yüksək nailiyyətlərinə görə) nəzərdə tutulmuş halda vaxtından əvvəl ixtisas dərəcəsinin verilməsinə dövlət qulluqçusunun dövlət qulluğunda qulluq etdiyi müddtədə yalnız bir dəfə yol veriləcək.

- Bu qanunun 17.4-1.2-ci maddəsi (yuxarı təsnifat dövlət qulluğu vəzifəsinə təyin edildikdə) dövlət qulluqçusunun tutduğu inzibati vəzifədən bir təsnifat yuxarı inzibati vəzifəyə təyin edildiyi hallarda tətbiq oluna biləcək.

- Dövlət qulluqçularına ixtisas dərəəcləri verilərkən onların xüsusi, hərbi və diplomatik rütbələri nəzərə alınacaq. Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı olaraq, uyğunlaşdırılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçiriləcək.

Eyni zamanda təklif edilən yeni dəyişikliyə əsasən, bu qanuna uyğun olaraq, intizam tənbehi qaydasında dövlət qulluqçusunun ixtisas dərəcəsi (3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri istisna olmaqla) bir pillə aşağı salına bilər. İntizam tənbehinin tətbiqi qaydasında dövlət qulluqçusunun ixtisas dərəcəsi təqvim ili ərzində yalnız bir dəfə aşağı salına biləcək. Bu qaydada aşağı salınmış ixtisas dərəcəsində qulluq müddəti həmin intizam tənbehinin verilməsi haqqında əmrin imzalandığı gündən hesablanacaq.

.