Dövlət İmtahan Mərkəzi İnzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə oktyabrın 16-da keçirilən test imtahanında iştirak edən namizədlərə müraciət edib.
DİM-dən verilən xəbərə görə, 16 oktyabr 2022-ci il tarixində keçirilən inzibati icraçı vəzifələrə (B növü) aid olan qruplar üzrə test imtahanı ilə əlaqədar Dövlət İmtahan Mərkəzində yaradılan Apellyasiya Komissiyası öz işini yekunlaşdırıb.
Komissiya tərəfindən imtahanda istifadə olunan tapşırıqlar təkrar ekspertiza olunub. Aparılan araşdırmalar nəticəsində İnformasiya texnologiyaları üzrə (hər iki vəzifə qrupu üzrə) imtahanda istifadə olunan bir qapalı tipli test tapşırığının məzmunu ilə əlaqədar ekspertlər arasında fikir ayrılığı yarandığından tapşırığın (etalonda götürülmüş cavabının düzgün hesab olunması şərti ilə) digər bir cavab variantının da düzgün cavab olaraq qəbul olunması məqsədəuyğun hesab edilib. Belə ki, BA vəzifə qrupu A variantı üzrə 61 saylı tapşırığın C bəndini, B variantı üzrə 59 saylı tapşırığın B bəndini, BB vəzifə qrupu A variantı üzrə 65 saylı tapşırığın D bəndini, BB vəzifə qrupu B variantı üzrə 63 saylı tapşırığın D bəndini seçən namizədlərin hər biri üçün həmin test tapşırığı düzgün cavablandırılmış hesab olunub.
İmtahanda istifadə olunan digər test tapşırıqlarının məzmununda isə heç bir elmi-metodik qüsur aşkar olunmayıb.
Qeyd edilib ki, namizədlərin nəticələrində müvafiq dəyişikliklər edilib DİM-in saytında yerləşdiriləcək.
.