“İşğaldan azad edilmiş torpaqlara getmək istəməyən məcburi köçkünlərin məcburi köçkün statusu itirilmiş hesab olunacaq. Bunun nəticəsi olaraq, məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə şamil olunan imtiyazlar qüvvədən düşəcək”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Yeni TV-yə deyib.

F. Hüseynov bildirib ki, Azərbaycan dövləti tərəfindən işğaldan azad edilmiş torpaqlarda ən yüksək səviyyədə şərait yaradılacaq: “Bu, həm daimi məskunlaşma, həm məşğulluq, həm səhiyyə, həm təhsil, həm də digər sosial məsələlər baxımından olduqca aktualdır. Prezidentin çıxışına istinad edərək bildirmək istərdim ki, məcburi köçkünlərdən qayıtmaqla bağlı səmimi cavab verməsi xahiş olunur”.

Sədr müavini: “Su, enerji, qaz təchizatı təmin olunandan, şəhər və rayonlar yenidən qurulandan sonra köçkünlərin qayıdışından söz açacağıq”

“Böyük qayıdış çoxşaxəli və mürəkkəb prosesdir”.

 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Yeni TV-yə deyib.

F. Hüseynov bildirib ki, ilkin olaraq Ermənistanın təcavüzü nəticəsində Azərbaycan dövlətinə, mülki əhaliyə, mədəniyyətimizə, tariximizə, ekologiyamıza vurulan ziyanın və zərərin həcmi müəyyənləşdirilməlidir: “Bundan sonra kompensasiya ilə bağlı Ermənistana qarşı beynəlxalq tribunalarda, məhkəmələrdə iddialar qaldırılacaq. Ancaq Vətən müharibəsi dövründə deyil, ümumiyyətlə, 30 il ərzində Ermənistan tərəfindən Azərbaycana vurulan ziyanın həcminin müəyyənləşdirilməsi labüddür. Bu məsələ ilə bağlı Baş nazir son videoformatda keçirilən müşavirədə öz məruzəsini edib. Bundan sonra təhlükəsizlik məsələsinə diqqət ediləcək. İşğal altında olan ərazilərdə demək olar ki, bütün infrastruktur, yaşayış məntəqələri tamamilə dağıdılıb, daş üstündə daş qalmayıb. Ərazilərin böyük hissəsi minalanıb. Növbəti addım həmin əraziləri həm minalardan, həm partlamamış hərbi sursatlardan, həm də radioaktiv bioloji, kimyəvi və digər maddələrdən təmizlənməlidir. Bundan sonra infrastrukturun qurulmasına başlanılacaq. Artıq bu sahədə Prezidentin tapşırığına uyğun işlər başlanılıb, yollar çəkilir, müvafiq göstərişlər verilib. Su, enerji, qaz təchizatı təmin olunandan, şəhərlərin və rayonların yenidən salınmasından sonra artıq məcburi köçkün və qaçqınlarımızın qayıdışından söz açacağıq”.

İşğaldan azad edilən ərazilərə qayıdacaq məcburi köçkünlər üçün imtiyazlar və güzəştlər nəzərdə tutulur

“İşğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi üçün Prezidentin sərəncamı ilə Əlaqələndirmə Qərargahı yaradılıb”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Yeni TV-yə deyib.

F. Hüseynov bildirib ki, həmin qərargahda idarələrarası mərkəz formalaşdırılıb: “Bu mərkəz nəzdində 16 İşçi Qrup yaradılıb. Bu İşçi Qruplar tərəfindən Strateji Fəaliyyət Planı əsasında hazırlanacaq tədbirlər planında həmin ərazilərə qayıdan məcburi köçkünlərə hansısa imtiyazlar, güzəştlər edilməsi məsələləri əksini tapacaq. Bununla bağlı qərarlar qəbul olunacaq və ictimaiyyətə məlumat veriləcək”.

Sədr müavini qeyd edib ki, işğaldan azad olunmuş ərazilərə qayıtmaq üçün ilkin mərhələdə Qarabağdan olan, məcburi köçkün və qaçqın statusu olan insanlara üstünlük veriləcək: “Gələcəkdə daimi məskunlaşma yekunlaşandan sonra hər bir ölkə vətəndaşının ölkəmizin müxtəlif şəhər və rayonlarında mülkiyyət əldə etmək hüququ olduğu kimi, bu ərazilərdən də torpaq almaq hüququ olacaq”. 

Qaçqın və məcburi köçkünlərlə bağlı qanunvericilikdə dəyişikliklər gözlənilir

“Qaçqın və məcburi köçkünlərlə bağlı qanunvericilikdə dəyişikliklər olması istisna deyil və bunun üçün artıq zərurət yaranıb”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Yeni TV-yə deyib.

Sədr müavini bildirib ki, Prezident İlham Əliyev də birmənalı qeyd edib ki, Vətən müharibəsindən sonrakı mövcud vəziyyət yeni reallıqdır: “Hər biri qurum, hər bir insan, hər bir tərəf bu yeni reallıqlarla barışmalı, bütün sahələrdə bu reallıqlar nəzərə alınmalıdır. Hazırda qaçqınlar və məcburi köçkünlərlə bağlı iki qanun var: “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”. Bu qanunlar 21 il öncə qəbul edilib. Yeni reallıqlar çərçivəsində yeni qanunların qəbuluna ehtiyac var. Bununla bağlı hazırda təkliflər hazırlanır və iş gedir”.

.