Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhə bölgəsindən kənarda yerləşən Gəncə şəhərini müxtəlif növ silahlardan atəşə tutması nəticəsində qadın və uşaqların həlak olması və xəsarət alması hallarına dair bəyanat yayıb.

Dövlət Komitəsindən daxil olan bəyanatda deyilir:

“11 oktyabr 2020-ci il tarixdə gecə saat 02 radələrindən etibarən cəbhə zonasından kənarda yerləşən Gəncə şəhərinə təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya qurğuları və raketlərdən açılan atəş nəticəsində mülki əhalinin qəsdən hədəf seçilərək qətlə yetirilməsi davam etməkdədir. 

10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən tərəflər arasında humanitar məqsədləri əks etdirən atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan  əhalinin sıx məskunlaşdığı Gəncə şəhərinin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binasını  raket atəşinə tutmuşdur. Erməni terroru nəticəsində qadın və uşaq daxil olmaqla 9 dinc sakin qətlə yetirilmiş, 34 nəfər yaralanmışdır. Eyni zamanda dağıntılar altında hələ də xilas edilməsini gözləyən günahsız insanlar qalmaqdadır. Gəncədə baş vermiş bu terror hadisəsi erməni siyasi-rəhbərliyinin vandal əməllərinin növbəti təzahürüdür. Təəssüflər olsun ki, Ermənistanın hərbi və insanlığa sığmayan cinayətləri hələ də cəzasız qalmaqdadır. 

Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə azərbaycanlılara qarşı baş verən erməni təxribatı vəhşiliyin, vandal davranışın və uşaq qətllərinin bariz nümunəsidir. Beynəlxalq humanitar hüququn norma və prinsiplərinə, eləcə də atəşkəsə məhəl qoymayan Ermənistanın bu qeyri-insani davranışlarına lazımi qiymət verilməli, günahsız insanların qanı yerdə qalmamalı və terrorçular layiqli cəzalarını almalıdırlar. 

Bundan əlavə, Ermənistanın Cənubi Qafqazda ən böyük Azərbaycan İstilik Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, region üçün strateji əhəmiyyətli iri sənaye şəhəri Mingəçevirə atdığı raketlərin Ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilməsi baş verməsəydi, bu hadisənin ciddi fəlakətlə nəticələnməsi qaçınılmaz olardı. 

Biz, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq beynəlxalq səviyyədə insan hüquqları, xüsusilə qadın və uşaqların hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatları və bütövlükdə dünya ictimaiyyətini BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasının 2006 və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələrinə, BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, BMT Təhlükəsizlik Şurasının “Silahlı münaqişələr zamanı uşaqların qorunması tədbirləri haqqında” 2427 qətnaməsinə məhəl qoymayan Ermənistan tərəfinin Azərbaycanın mülki əhalisini məqsədli şəkildə hədəf seçərək canlarına qəsd edilməsi ilə nəticələnən müharibə cinayətlərinə son qoyması üçün qətiyyətli addımlar atmağa və bu terrorçu əməllərinin qarşısının alınması istiqamətində lazımlı qərarlar qəbul etməyə çağırır, təcavüzkara layiqli şəkildə münasibət bildirmələrini tələb edirik”.

.