Azərbaycanda qadın sığınacaqları azlıq təşkil edir.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "Qadınların yerli idarəetmədə iştirakının artırılması" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, Zabratda olan qadın sığınacağı 30 qadının yerləşdirilməsi üçün nəzərdə tutulub: “Qeyri-hökumət təşkilatlarının yaratdığı sığınacaqlar olsa da, bu da kifayət qədər deyil. Burada bələdiyyələrin də üzərinə ciddi vəzifə düşür. Əvvəllər sığınacaqlar olmayıb. Risk qrupuna daxil olan, zorakılıq olan ailələrlə söhbətlər aparmaq lazımdır. Rayonlarda fəaliyyət göstərən ictimai təşkilatlar, ağsaqqallar, ağbirçəklər şurası bu işdə yaxından iştirak etməlidir. Belə ailələrlə görüşlər keçirilməlidir. Bu mövzuda könüllülərin da iştirakı təmin edilməlidir”.

Sədaqət Qəhrəmanova əlavə edib ki, hazırda gender əsaslı komissiyaların fəaliyyəti bələdiyyələrdə pilot layihə olaraq həyata keçirilir: “Hazırda Bakıxanov bələdiyyəsində gender komissiyası şöbə olaraq fəaliyyət göstərir, üzvləri məvacib alırlar. Onların fəaliyyəti də təqdirəlayiqdir. Bu, müsbət təcrübədir”.

.