Kinorejissor Elxan Cəfərovla "Azərbaycanfilm” kinostudiyasında görüşdük. Kinostudiyanın dördüncü mərtəbəsindəki otağında oturub keçmişdən, indidən və gələcəkdən danışdıq. Söz sözü çəkdi, haralardan gəlib, haralara getdiyimizi da unutduq.
Söhbətə başlamamışdan öncə otağın divarlarından asılmış iki şəkil diqqətimi çəkdi. Elxan Cəfərovun çəkildiyi filmdən kadrlar idi.
Fotolardan birini göstərib, filmi xatırlamağa çalışdıq...
-Elxan bəy, bu foto ilk filminizdəndir?
-Yox, 1977-ci ildə Dovjenko adına kinostudiyanın çəkdiyi "Hazır ol, əlahəzrət” filmindəndir. Lap birinci filmim "Sevinc buxtası” idi. Sonra "Şir evdən getdi” və onunla eyni vaxtda "Hazır ol, əlahəzrət” filmində çəkildim. Ardınca "Mən mahnı bəstələyirəm” filmi gəldi.
- "Şir evdən getdi”yə "Sevinc buxtası”nın operatoru Rasim İsmayılov vasitəsilə çəkildiniz. Bəs xarici film olan "Hazır ol, əlahəzrət”ə çəkilməyiniz necə baş verdi?
- Filmdə şahdazə rolu üçün çox axtarışlar aparmışdılar. Dağıstan, Ermənistan, Gürcüstandan namizədlər seçmişdilər. Azərbaycandan bir mən idim.
O vaxtlar ölkələri bir-bir gəzib, seçdikləri namizədləri kastinqlərə dəvət edirdilər. Uşaqlar isə valideynləri ilə gedirdilər.
- Yaxşı qonorar verirdilər?
-"Şir evdən getdi”də ayıma 100 rubl alırdım. Mühəndisin maaşı 150 rubl idi. Doqquz yaşında uşaq üçün 100 rubl əlbəttə, yaxşı idi.
Düzdür, o pulu heç mən görmürdüm (gülür). Təbii ki, valideynlər götürürdülər. Heç yadımdan çıxmaz, evdə maddi çətinliyimiz vardı. Elə birdən qapı döyüldü, açdıq ki, mənə teleqram gəlib, 450 rubl qonorar almalıyam. Çəkildiyim film yüksək kateqoriyaya layiq görülmüşdü və xarici ölkələrdə göstərilmə şansı qazanmışdı.
450 rubl o vaxt üçün çox böyük pul idi. O vaxtlar da Moskvaya qatarla biletin qiyməti səhv etmirəmsə, 20 rubldan bir az çox idi. Biz tənbəllik eləmədik, ailəlikcə yığışıb Moskvaya istirahətə getdik. Çox maraqlı idi.
- Bu illər ərzində filmlərdən, reklamlardan, kliplərdən çox qonorar almısız. Hansı daha çox və əziz olub?
- Əslinə qalsa ən çox qazancım sovet dövründə çəkildiyim filmlərdən aldığım qonorarlar idi. İndi qazanc yoxdur. İndi ancaq sənətə qulluq edirik.
- Nə vaxtsa başqa işlə məşğul olmaq şansınız oldumu?
- Bir dəfə bizneslə məşğul olmaq şansım yarandı, mən də bu şansdan istifadə etdim. Hətta bir il o sahədə çalışdım. Elə vaxtlar olurdu ki, düşünürdüm sənət nəyimə lazımdır? Belə düşündüyüm anlardan birində çox böyük kriminal hadisə baş verdi. Və mənə kömək edən elə sənətimin adı oldu.
Onda başa düşdüm ki, heç bir işlə məşğul olmağa dəyməz. Çünki həyatda müəyyən missiya ilə doğulursan. Mənim missiyam budur. Pul varmı, yoxmu – bundan söhbət getmir. Şükür Allaha, bir tikə çörək pulumuzu tapırıq.
- Sənət sizin missiyanızdır - dediniz. Sənətə gəlişinizi atanıza, yoxsa ananız Mailə Muradxanlıya borclusunuz?
- Mənim atam Pərviz Cəfərov sənədli filmlər və dublyaj rejissoruydu. Məhz buna görə bizə kinostudiya ev vermişdi (söhbət kinostudiyanın bir addımlığında kinematoqrafçılar üçün nəzərdə tutulan binadan gedir - N.M). Beş yaşım olanda biz o binaya köçdük.
Mailə xanım televiziya sistemində olsa da aktyorlar, sənət adamları ilə sıx əlaqədə idi. O mənim üçün Azərbaycan ədəbiyyatının ötürücüsü idi. Yəni mən klassik Azərbaycan ədəbiyyatını, müasir poezisiyanı ondan əxz etmişəm. Bilgi nöqteyi-nəzərdən Mailə xanımın mənə ötürdüyü ən vacib irs bu olub.
Atamın mənə ötürdüyü irs isə kinostudiya, kino, münasibətlər, aktyorlar, çəkilişlər idi. Kinostudiyada belə bir qayda vardı: bir dəfə filmə çəkilib, kamera önündə özünü itirmirdinsə, demək, səni həmişə çəkəcəklər.
- Filmlərinizi görməyənlər sizi "Şir evdən getdi”nin balaca qəhrəmanı kimi, görənlər isə "Dolu”, "Yarımçıq xatirələr” filmlərinin rejissoru kimi tanıyır. Görməyənlər görənlərə nisbətdə daha çoxdur. Filmlərinizin lazimi qədər təbliğ olunmaması sizi narahat etmir?
- Azərbaycan dövlətinin çəkdiyi filmlər daha çox ideoloji, tərbiyəvi filmlərdir. Bununla tamaşaçını kinoteatra çox cəlb edə bilməzsən. Kommersiya kinolarındakı piar sistemi dövlət kinosunda yoxdur. Bunu çox təəssüf hissi ilə qeyd etmək lazımdır. Amma dövlət kinosunun belə bir dərdi də yoxdur.
Dövlət müəyyən müddət keçəndən sonra filmlərini telekanallarda nümayiş etdirir. Kinoteatra getmək ehtiyacı hiss etməyən tamaşaçı onları televiziyada izləyə bilir. Məsələn, "Dolu” filminin bu gün Azərbaycanda tanınmasının ən böyük səbəbi onun telekanallarımızda mütamadi göstərilməsidir. Eləcə də mənim sonuncu çəkdiyim "Yarımçıq xatirələr” filmi də Qarabağ mövzusundadır.
- Amma bildiyim qədər "Yarımçıq xatirələr” hələ telekanallarda nümayiş olunmayıb. Ümumiyyətlə, mənə elə gəlir ki, "Dolu”ya nisbətdə "Yarımçıq xatirələr”ə bir az ögey münasibət göstərildi.
- "Yarımçıq xatirələr” qısa müddətdə kinoteatrlarda nümayiş olundu, amma kanallarda hələ də göstərilməyib. Bu gün əsas missiya kinoda qəhrəman yaratmaqdır ki, "Dolu” bu missiyaya xidmət edir. Ona görə də "Dolu” daha tez-tez nümayiş olunur.
Biz indi müharibə aparan dövlətik, sülhdən çox danışa bilmərik. Qalib gələrik, sonra sülhdən danışarıq.
- Bir dəfə dediniz ki, "Dolu”nu xaricdə militarist film kimi qəbul etdilər. "Yarımçıq xatirələr”i çəkmənizə səbəb bu oldumu?
- "Yarımçıq xatirələr” məhz Azərbaycandan kənara çıxmağı və Qarabağ problemimizi qeyri-militarist formada əcnəbilərə təqdim etməyi hədəfləmişdi. Biz filmi əsasən postsovet ölkələri üçün çəkmişik. Filmin orijinal dili rus dilidir.
- Bəs hədəfə nail ola bildinizmi?
- Hazırda Rusiyada bu mövzuya toxunmaq istəmirlər. Kinonun gözəl bir xüsusiyyəti var. Yaradıcı nöqteyi- nəzərindən yaxşı çəkilən, yaradıcı emosiyalarla yüklənən film əvvəl-axır mütləq üzə çıxır.
- Demək istəyirsiniz ki, hələ "Yarımçıq xatirələri”n zamanı deyil?
- Deməzdim vaxtı deyil. Sadəcə o qədər aktual deyil. Bəlkə beş il, bəlkə iyirmi il sonra aktual oldu, bunu bilmək olmaz.
- "Yarımçıq xatirələr”ə ən bahalı filminiz deyə bilərik? Bildiyim qədər ona 2 milyon vəsait xərclənmişdi.
-Yanılmıramsa, büdcəsi 2 milyon yarım idi. "Dolu” təqribən 1 milyon 700 min manata çəkilib.
-Minimum məbləğə çəkdiyiniz film hansı olub?
-"Əlavə təsir”. Onun büdcəsi 800 min manatdı.
- O filmin bir neçə səhnələrini çıxsaq, kamera filmi kimi xarakterizə edə bilərik. Sizcə, 800 min manat o film üçün çox deyilmi?
- Bilirsiniz, bu gün o filmi kommersiya sahəsində çəksən daha az xərcləyərsən. Amma ümumiyyətlə, böyük industrial sistemdə az pul xərcləmək mümkün olmur. Çünki yığdığın qrup və sistemin özü böyük maliyyə tələb edir.
- Bu yaxınlarda "Pərdə” adlı bir film təqdim olundu. Mən baxmamışam, amma fikirlərinə hörmət etdiyim dostlarım onun haqqında çox müsbət fikirlər səsləndirdilər. Eşitdiyimə görə, minimum büdcə ilə, təxminən 10-15 min manata çəkilib.
- Klod Leluşun "Kişi və qadın” filmini götürün. Az qala bir qəpiksiz çəkilən filmdir. Ağlasığmaz az büdcə və ağlasığmaz zaman müddətində çəkilən film indiyə qədər dünya kinosunda mühüm yerə sahibdir.
Filmin janrından çox şey asılıdır.
Kamera filmlərini az büdcəyə çəkmək olur, amma "Yarımçıq xatirələr”i heç cür az büdcəyə çəkmək olmaz. Orda paravoz, kostyumlar, texnikalar var... Amma "Əlavə təsir”i, yaxud aktyorlar üzərində qurulmuş "Pərdə”ni az büdcəyə çəkmək mümkündür.
Mən çox sevinirəm ki, son dövrlər Azərbaycan kinosunda gənclər çox maraqlı işlər ortalığa çıxarırlar. Kimsə film çəkir, bəyənilmirsə, həmin adam geri çəkilmir, yenisinə başlayır. Yəni yolun yolçuluğu davam edir.
Ona görə əminliklə deyirəm qeyri-dövlət film sektorunda mütləq ortalığa gənc rejissorların adları çıxacaq, mütləq gözəl filmlər yaranacaq. Məhz qeyri-dövlət film sektorunda monopoliya aradan qalxanda kino intensiv inkişaf edəcək.
- Özünüzü o sektorunda görürsünüzmü?
- Əlbəttə, görürəm.
- Bəs biz niyə sizi o sektorda görə bilmirik?
- Birincisi təklif edən yoxdur, ikincisi Elxan Cəfərov adının xofu var.
- Konkret nəyin xofu?
- Maliyyə xofudur, Nərmin. İri büdcəli film çəkən rejissora oliqarx kimi baxırlar. Fikirləşirlər ki, büdcəmizin yarısını gərək elə buna verək, halbuki elə deyil.
- Azərbaycan kinosunun problemlərini bənd-bənd sadalamağınızı istəyirəm.
- Birincisi, Azərbaycan kinosunun ən vacib problemi texniki bazasının olmamasıdır. Biz texniki vasitələri icarəyə götürürük.
İkincisi, tərbiyəvi əhəmiyyətli filmlərin piarı aparılmalı və nümayiş olunmalıdır.
Üçüncüsü, çox istərdim ki, Təhsil Nazirliyi, yaxud aidiyyəti digər qurumlar gənclərin məhz sənət yönümündə xaricdə təhsil almasına daha diqqətlə yanaşsınlar. Bu, çox vacibdir. Doğrudur, orda təhsil alıb, qayıdanlar var, amma bu sistem şəklində deyil.
Söhbətin bu yerində əməkdar artist Şamil Süleymanov içəri girdi. Salamlaşıb, bəzi məsələləri soruşdu və gedəndə dedi:
- Biz həmişə deyirdik ki, Elxan kinoaktyor olacaq. Onun geniş imkanları, dayağı var idi. Ancaq o, işin ən çətinini seçdi. 61 yaşlı Şamil Süleymanova rejissor-pedaqoqluq edir. Və mən bunu ciddiyəti ilə qəbul edirəm.
Şamil müəllim bunu dedi və getdi. Biz isə davam etdik...
- Mən uşaqlıqdan hiss edirdim ki, aktyor olmayacam. İndiyə qədər də kamera qabağında özümü itirirəm.
- Keçənlərdə "Şir evdən getdi”dən kiçik epizoda baxdım, orda necə sərbəst idiniz.
- Sərbəst deyildim (gülür). İçim partlayırdı.
- Mehriban Ələkbərzadədən müsahibə alanda demişdi ki, sizinlə ssenarini dəyişib.
- Bəli, "Əlavə təsir”i öncə Mehriban Ələkbərzadəyə təklif etmişdilər. Heç yadımdan çıxmaz, bir gün Mehriban xanım elə kinostudiyada, Cəfər Cabbarlı heykəlinin yanında mənə dedi ki, Elxan, bu, mənim mövzum deyil.
Mehriban xanıma böyük hörmətim var. Onun dediyi söz mənim üçün qanun olub. Beləcə, "Əlavə təsir”i götürdüm.
- Bəs hansı mövzu sizin mövzunuz deyil?
- Bəlkə də ülvi məhəbbət haqqında film çəksəm çətinlik çəkərəm. Ümumiyyətlə isə düşünürəm ki, mənim üçün mövzu problemi olmamalıdır.
Mənə hər zaman nazirlikdə deyirlər ki, özün də bir ssenari təqdim et. Fikirləşirəm ki, görəsən mən nə çəkmək istəyirəm? Bu sual qarşısında həmişə donub qalıram. Çünki indiyə qədər ancaq sifarişlə işləmişəm.
Aktyor olduğum zamanlarda da belə idi. Məsələn, Eldar Quliyevin "Təxribat” filmində çəkilməyəcəm deyə-deyə bir də gördüm ki, çəkilirəm. İşə də "Elxan gəl, filmi xilas elə” pozisiyasından daxil olmuşdum.
- Onda həyatın gətirdiyi süprizləri sevirsiniz?
- Süprizlərə açığam. Amma mən buğa bürcüyəm, siz deyən süprizlərlə aram yoxdur.
- Ülvi məhəbbət demişkən, o hissə neçə dəfə tutulmusunuz?
- Birinci dəfə uşaq baxçasında hiss etmişəm ki, bir qızdan xoşum gəlir. Sonra məktəbdə, institutda...
Son ülvi məhəbbətim də həyat yoldaşım olub. Və bununla fəxr edirəm. Sevinirəm ki, sevib ailə qurmuşam.
- O tarixçəni elə sizdən eşitmək istərdik. Necə baş verdi?
- Biz Gülzarla bir məktəbdə oxumuşuq. O, bacımla sinif yoldaşı idi. Həmişə onu məktəbdə görürdüm, diqqət yetirirdim. Sonra 1984-cü ildə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda oxudum, ordan əsgər getdim, əsgərlikdə olanda eşitdim ki, Aleksey Batalovun Azərbaycan kursu yığılır və orada Gülzar da var. Əsgərlikdən qayıdandan sonra avtomotik o kursun tərkibində yer aldım.
- Taleyiniz orda birləşdi?
- Bəli, yaradıcılıq əsnasında.
- Gülzar xanımın da sizdə könlü var idi?
- Gülzar xanımla dost idik. Xoşuma gələn qızlarla tanış olmaq üçün Gülzar xanımdan məsləhət alırdım. Sonra başa düşdüm ki, Gülzar elə axtardığım qadındır.
- Bu, bir az da məntiqi evlilik oldu.
- Yox. Bu daha çox doğmalıq hiss idi. Mən birdən hiss etdim ki, Gülzar mənə çox doğmadır, sən demə, axtardığım adam düz yanımda imiş. Bunu özüm üçün birdən-birə kəşf etdim.
- Bəs etirafınızı o, necə qəbul etdi?
- Qəbul eləmirdi. Mən də əl çəkmədim, axırda razılaşdı. 1992-ci ildə ailə qurduq.
- Evdə daha çox teatr yoxsa kino söhbətləri edirsiniz?
- Kino. Mənim teatrdan başım çıxmır. Teatrı sadəcə sevirəm.
- Başınız çıxmır? Axı, Yuğ Teatrında işləmisiniz.
- 1990-ci ildə institutu bitirən kimi Gülzar, mən, Əbdül Qəni Yuğ Teatrına gəldik. Mən üç il orda işlədim. Mənim həyat və sənət ustadım Vaqif İbrahimoğlu olub. Bu günki rejissorluq fəaliyyətimdə Vaqif İbrahimoğlunun danılmaz rolu var. O, təkcə aktyor yetişdirmirdi.
- Amma siz teatrda qalmadınız. Niyə?
- Bunu bir dəfə Vaqif müəllimə də dedim. Hiss edirdim ki, öz qabımda deyiləm. Teatrdan getdim, İbrahimoğlu məndən küsdü və uzun müddət danışmadı.
- İndi kimdən məsləhət alırsınız?
- Hamıdan, həyatdan... Fikir ustadlarım var: Ramiz Rövşən, Ramiz Mirzəyev, Hüseyn Mehdiyev, Mais Ağabəyov, Aydın Talıbzadə... Həyat bilgisi verən insanlara ustad kimi baxıram.
- Hansısa seçiminizə, qərarınıza görə peşmançılıq çəkirsiniz?
- Heç nəyin peşmançılığını çəkmirəm. Mənə elə gəlir ki, hər zaman Allahın nəzərindəyəm.
Teleqraf.com