Bu gün Xalq artisti, xanəndə Mənsum İbrahimovun doğum günüdür.

Yubileyini qeyd edən ifaçı “Ölkə.Az”ın əməkdaşı ilə söhbətində onun üçün ən dəyərli hədiyyənin qələbə xəbəri olmasını deyib.

“ Bu gün hamımızın ürəyi Qarabağda döyünür. Bu saat hamı kimi mən də Qarabağın azad olması xəbərini gözləyirəm. Mən bu səsimi o torpaqda qazanmışam, ömür boyu o torpağa borcluyam. Mən özümə Ağdamımı, Şuşamı, bütün işğalda olan torpaqlarımı arzulayıram. Arzum tezliklə, Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda “Qarabağ şikəstəsi”ni ifa edim. O günü səbirsizliklə gözləyirəm”,- deyə o, qeyd edib.

Xalq artisti cəbhədə baş verən son hadisələrdən sonra addım-addım qələbəyə yaxınlaşdığımızı, insanlarda böyük ruh yüksəkliyinin olmasını da vurğulayıb.

 “Bu dəqiqə insanlarda çox böyük ruh yüksəkliyi var. Biz  Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşmişik. Biz hər gün addım-adıım qələbəyə yaxınlaşırıq. Xalqımızda bu ruh yüksəkliyini, gənclərimizdə vətənpərvərliyi görəndə çox böyük iftixar hissi keçirirəm. 27 ildir bu günü gözləyirdik. Hazırda bütün xalqımızın ürəyi cəbhə ilə döyünür. Allah bütün şəhidlərimizə rəhmət etsin. Tezliklə, qələbəmizi Qarabağda qeyd edək”,- deyə o, sözlərini tamamlayıb.

Qeyd edək ki, Mənsum İbrahimov 1960-cı il oktyabr ayının 1-də  Qarabağın dilbər guşələrindən olan Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olub.

.