Təəssüflər olsun ki, bəzi rəsmi şəxslər heç də həmişə ictimaiyyət qarşısında dediklərinin hesabını vermirlər.
Bunu Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyası fraksiyasından olan deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Dmitri Savelyev Delyaqinin dövlət kanalının efirində emosional açıqlamaları ilə bağlı vəziyyəti şərh edərkən deyib.
Onun sözlərinə görə, istənilən emosiyalar və şəxsi seçimlər şəxsi olaraq qalmalıdır, çünki geniş auditoriya üçün rəsmi şəxsin istənilən bəyanatı bu şəxsin təmsil etdiyi hakimiyyətin mövqeyi kimi görünür: “Sonrakı üzrxahlıqlar və izahatların bunun sırf şəxsi fikir olduğunu göstərməsi vəziyyəti çox dəyişmir. Bu, cəmiyyətimizin sabitliyə və zəmanətlərə ciddi ehtiyacı olduğu indiki dövrdə xüsusilə təhlükəlidir. Azərbaycanla əldə olunan razılaşmalar baxımından da vəziyyət çirkin görünür. Xatırladım ki, fevral ayında Rusiya və Azərbaycan prezidentləri müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə imzalayıblar, hansı ki, onun birinci bəndində ölkələrimiz arasında münasibətlərin qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq əsasında qurulduğu, eləcə də mübahisələrin sülh yolu ilə həlli vurğulanıb”.
Xatırladaq ki, Rusiya Dövlət Dumasının iqtisadi siyasət Komitəsinin sədr müavini Mixal Delyaqin martın 28-də Rusiyanın “Rossiya1” və “Pervıy” federal kanallarında müvafiq olaraq yayımlanan “60 dəqiqə” və “Vremya pokajet” tok şousunda Azərbaycanın ərazi bütövlüyünə, ümumilikdə dövlətçiliyimizə qarşı açıq təxribata yol verib, dövlətimizin ünvanına təhdidlər səsləndirilib. Rusiyalı deputat Azərbaycanı ölkəsi üçün təhdid adlandıraraq Azərbaycanın neft sənayesini məhv etməyə çağırış edib.
.
