Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında ölkəmizdə akkreditasiya olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuli rayonuna səfəri davam edir.

Diplomatik korpusun nümayəndələri və hərbi attaşelər rayonun işğaldan azad edilmiş Yuxarı Əbdürrəhmanlı kəndində olublar.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev diplomatik korpusun nümayəndələri və hərbi attaşelərə Ermənistan Silahlı Qüvvələrinin işğaldan əvvəl bu kəndin ərazisində yerləşmiş hərbi hissəsinin ərazisini göstərib. A. Alıyev bildirib ki, buradan rayonun işğal altında olmayan ərazilərindəki mülki əhali daim atəşə tutulub, təsərrüfat işlərinin həyata keçirilməsinə imkan verilməyib. Ermənistan Silahlı Qüvvələrinin 27 il ərzində bu ərazidən mülki əhalini atəşə tutması nəticəsində ölənlər və yaralananlar olub.

***

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında ölkəmizdə akkreditasiya olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfəri təşkil olunur.

Səfərin məqsədi diplomatları və hərbi attaşeləri Füzuli şəhərində Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklər, cinayət izləri ilə tanış etməkdir.

Diplomatik korpusun nümayəndələri və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqa rəsmi şəxslər müşayiət edirlər.

İlk öncə diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Ermənistanın işğalından azad olunmuş Füzuli şəhərinə səfər ediblər. Onlar Füzuli şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin ağır nəticələri ilə tanış olub, 27 il ərzində törədilən vəhşilikləri, vandalizmi öz gözləri ilə görüblər. Füzulidə yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni abidələri vəhşicəsinə dağıdılıb.

.