Daxili İşlər Nazirliyi (DİN) ölkə ərazisində 60 gündən artıq müvəqqəti yaşayan vətəndaşların qeydiyyata alınması ilə bağlı prosedulara izah verib.

Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev bildirilib ki, şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası özünün, qohumunun, tanışının və başqaları başa düşülür.

“Yaşayış yerindən kənarda 60 gündən artıq yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla, internet üzərindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin saytına daxil olmaqla olduğu yer üzrə qeydiyyata alınır”, - DİN rəsmisi qeyd edib.

Nurlan Əliyev onu da qeyd edib ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır: “Olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olur. Vətəndaş sözügedən qaydalara əməl etmədiyi zaman ona xəbərdarlıq edilir və ya barəsində 30 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunur”.

.