“Bəzi kütləvi informasiya vasitələrində hüquq-mühafizə orqanlarının Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinə qarşı əməliyyat keçirilməsi barədə əsassız məlumatlar yayılıb. Media nümayəndələrinin nəzərinə çatdırmaq istəyirəm ki, qeyd olunan əməliyyat aqrar sahəyə ayrılmış subsidiyaların mənimsənilməsində şübhəli bilinən özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir”.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov deyib.
V. Hüseynov bildirib ki, əməliyyatda Daxili İşlər Nazirliyinin müvafiq strukturları ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşları da iştirak edir. Əməliyyatın təfərrüatları ilə bağlı birgə məlumat yayılacaq.

***

Daxili İşlər Nazirliyi kənd təsərrüfatı sahəsində ayrılan dövlət pullarını mənimsəməkdə şübhəli bilinən vəzifəli şəxslərə qarşı əməliyyat keçirir. 

Qafqazinfo-nun məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Kənd Təsərrüfatına dəstək üçün dövlət tərəfindən ayrılan subsidiyaları mənimsəyən vəzifəli şəxslərə qarşı genişmiqyaslı əməliyyata başlayıb. 

Əməliyyatda Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları da iştirak edir. Çoxlu sayda saxlanılanlar var.

İlkin istintaq hərəkətləri başa çatdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. 

.