"Sonuncu devalvasiyadan sonra psixoloji müayinə üçün müraciət edənlərin sayı 30-40 faiz artıb”. 

Teleqraf.com xəbər verir ki, Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Rüstəm Salayev jurnalistlərə açıqlamasında belə deyib. 

Rüstəm Salayev bildirib ki, bu, ailə münaqişəsi və maddi sıxıntılarla bağlıdır.
 
Direktor müavininin  sözlərinə görə, Psixi Sağlamlıq Mərkəzinə müraciət edənlərin sayı ildən-ilə çoxalır: "Bu, xəstələrin sayca artması ilə əlaqədar deyil. Sadəcə insanlar əvvəllər həkimə müraciət edəndə psixi xəstə damğası alır və bundan çəkinirdilər. İndi bu problem azalıb. Yəni insanlar bu gün çəkinmədən psixiatra müraciət edə bilirlər. Bu da müraciətlərin sayını artırır. Ay ərzində mərkəzə 1000-ə yaxın təkrar müraciətlər daxil olur”. 

Rüstəm Salayevin sözlərinə görə, depressiyaya düşənlərin demək olar ki, 20 faizi intihar barəsində fikirləşir: "Bu, böyük rəqəmdir. Bu il bir çox intihar hallarını vaxtında aşkar etdiyimizdən onların qarşısını ala bilmişik. Mərkəzə müraciət edənlər sırasında yaş kateqoriyası yoxdur. Yəni uşaqdan böyüyə hər kəs bizə müraciət edə bilər. 

Son zamanlar isə daha çox 25-30 yaş arası gənclər Mərkəzə müraciət edir. Onların həyatla bağlı stress keçirdiklərini güman edirik”.
 
Direktor müavini əlavə edib ki, hazırda 80 min insan dispanser müşahidəsindədir: "Təbii ki, bu rəqəm daim dəyişir”. 

Direktor müavini qeyd edib ki, müraciətlər adi məişət problemlərindən tutmuş boşanmaya qədər müxtəlif spektri əhatə edir: "Depressiyalarla bağlı da müraciətlər çoxdir”. 
.