Hazırda ölkə məktəblərində 11 mindən çox direktor və direktor müavini də dərs deyir.
Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, onlar da gələcəkdə sertifikasiyada iştirak edəcəklər və sertifikasiya nəticəsi ilə bağlı əlavələr həmin şəxslərə də tətbiq olunacaq.
Elm və Təhsil Nazirliyi tabeliyində Agentliklərin yaradılması işlərinə başlanılıb
Elm və Təhsil Nazirliyi tabeliyində agentliklərin yaradılması istiqamətində işlərə başlanılıb.
Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, yaxın vaxtlarda bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Nazir qeyd edib ki, hələ də struktur islahatının Azərbaycan Milli Elmlər Akademiyasının ləğv olunduğunu bildirirmi və ya elm adamları Elm və Təhsil Nazirliyinin necə olacağı ilə bağlı suallar var:
"Dünyanın bir çox ölkələrində Elm və Təhsil Nazirliyi var. Amma elm və təhsil naziri akademik olmur. AMEA yenə də fəaliyyətini davam etdirir. Fərmanda da qeyd edilib ki, hər iki qurum özünün yeni Nizamnamələrini, əsasnamələrini hazırlayıb Prezidentə təqdim etməlidir".
Nazir: "Magistr səviyyəsi üzrə xaricdə təhsil üçün meyarlara uyğun müraciətçilərin sayı düşündüyümüzdən az olub"
"Xaricdə təhsillə bağlı Fərmandan sonra bu il mühəndislik, elm, texnologiya sahəsində olan tələbələrin xaricə göndərilməsini təmin edirik. İlk il olduğuna görə, magistr səviyyəsi üzrə xaricdə təhsil proqramının meyarlarına uyğun gələn müraciətçilərin sayı düşündüyümüzdən az olub".
Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, 80 bakalavr, 190 nəfər isə magistr üzrə xaricdə təhsil proqramına seçilib:
"Boş qalan yerlərə də elan verilib. Düşünürəm ki, bu həftə və ya gələn həftə təkrar müraciətlərə baxılacaq. Bu il ümumilikdə 300-dən artıq tələbənin xaricdə təhsil proqramına seçiləcəyini proqnozlaşdırırıq".
Nazir məktəblərdə COVİD-lə bağlı məsələyə aydınlıq gətirib
"COVİD-lə bağlı hələ ki, heç bir problemimiz yoxdur".
Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir deyib ki, Operativ Qərargahın verdiyi tövsiyələrlə işimizi davam etdiririk:
“Qeyri-adi bir şey baş verməsə tədris ilinə sentyabrın 15-də başlamağı planlaşdırırıq”.
Emin Əmrullayev: “Rus bölməsində təhsilin keyfiyyətini qoruyub saxlamaq ən böyük problemdir”
“Ümumtəhsil müəssisələrində rus bölməsində yerlər məhduddur. Təxminən 14 min yerimiz var və 18 min müraciət olursa, deməli, avtomatik olaraq 4 min şagird yerdə qalır”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, Azərbaycan təhsilində tədris Azərbaycan dilindədir və bu, heç kimin konstitusion hüququnun pozulması deyil:
“Azərbaycanda 6 il yaşayıb Azərbaycan dilini başa düşmürsə, sualı mənə yox, valideynə vermək lazımdır. Əgər uşaq 6 il ölkədə yaşayırsa, o, Azərbaycan dilini bilməlidir”.
Azərbaycan dilini bilməyən uşaqlara rus bölməsində yer tapılmaması məsələsinə gəlincə nazir deyib ki, rus bölməsində yerlərin sayının artırılması qeyri-mümkündür:
“Siniflərdə şagird sayı artırılsa sonra da şikayətlər olacaq ki, siniflərdə şagird sayı çoxdur. Rus bölməsində təhsilin keyfiyyətini qoruyub saxlamaq bu gün bizim üçün ən böyük problemdir. Çünki lazımi sayda müəllim yoxdur. Kifayət qədər vakansiya var, lakin lazımi sayda namizəd tapa bilmirik”.
.