Nazirlər Kabineti "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nda dəyişiklik edib.
APA-nın məlumatına görə, Milli Məclis tərəfindən 16 dekabr 2014-cü ildə "Dərman vasitələri haqqında" qanuna dəyişikliklər edilib və dəyişiklik dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsini nəzərdə tutub. "Dərman vasitələri haqqında" Qanunun tətbiq edilməsi barədə" Prezidentin 2015-ci il 18 mart tarixli fərmanına əsasən Tarif Şurasına qanuna uyğun olaraq dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsini üç ay müddətində təmin etmə tapşırılıb. Nazirlər Kabineti də buna müvafiq olaraq "Qiymətləri dövlət tərəfindən tənzimlənən malların Siyahısı"nda dəyişiklik edib. İndiyə qədər dərman preparatlarının sınağının keçirilməsi xidmətlərinin qiymətləri Tarif Şurası tərəfindən tənzimlənib. Dəyişikliyə əsasən bundan sonra dərman preparatlarının sınağının keçirilməsi xidmətləri deyil, dərman vasitələrinin ekspertiza xidmətləri, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri Tarif Şurası tərəfindən tənzimlənəcək. Başqa sözlə, Nazirlər Kabinetinin bu qərarından sonra Tarif Şurası dərman vasitələrinin ekspertiza xidmətləri, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərini tənzimləmək üçün müvafiq qərar qəbul edə biləcək.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev "Bizim Yol"a şərhində yeni qaydaların mənfi və müsbət tərəflərindən danışdı. A.Mehtiyevin fikrincə, hazırda dərmanların qiymətindən çox keyfiyyətində nəzarətin yaradılmasına ehtiyac var: "Dərman satışının Tarif Şurasının ixtiyarına verilməsi, əslində, ölkə iqtisadiyyatının bazar prinsipləri əsasında qurulmasını geri çəkən bir addımdır. Dərman bazarının dövlət tərəfindən tənzimlənməsinə ehtiyac yoxdur. Bu sahədə dünyada geniş yayılmış təcrübələr var. Əslində, bu gün ölkəyə gətirilən dərmanların qiymətlərinə deyil, keyfiyyətinə nəzarət edilməsinə ehtiyac var. Qalan məsələlərdə bazarda liberallıq təmin edilməlidir ki, iş adamları rahat şəkildə dərman preparatlarını gətirə bilsinlər. Hansısa dərman bahadırsa, liberal bazar bunu tənzimləyəcək. Hazırda iş adamlarının bir sıra preparatları gətirməsinə qadağalar qoyulub. Ona görə də bazarın tənzimlənməsinə daha çox ehtiyac var".
Ekspert deyir ki, bu gün dərman bazarı kəskin inhisardadır: "Ən ciddi problem odur ki, bu bazarı tənzimləyən qurumların rəhbərləri eyni zamanda sözügedən sahənin inhisarçılığını həyata keçirirlər. İkili inhisarçılıq məsələsi bu sahədə qiymətlərin kəskin bahalaşmasına xidmət edir. Dərmanların qiymətinin yüksək olması ilə yanaşı, həm keyfiyyətsiz, həm də firma preparatları meydan sulayır. Bu da ölkəyə gətirilən dərmanların insan sağlamlığının təhlükəsizliyinə qarşı nəzarətin zəif olmasının, inhisarçılığın yüksək olmasının nəticəsidir".
A.Mehtiyev hesab edir ki, Səhiyyə Nazirliyi ölkəyə gətirilən dərmanların molekul tərkibini müəyyən etməsində ciddi işlər həyata keçirməlidir: "Bu, çox önəmlidir. Məsələn, bu gün Azərbaycanda yazılan reseptlə ən azı qonşu Türkiyədə gedib dərman almaq mümkün deyil. Ona görə ki, fərqli adlarla, fərqli terminlərlə gedir. Ən vacib dərmanların molekul tərkibi təsdiq olunarsa, insanlar daha ucuz preparatlar ala bilər, nəinki firma preparatları. Eyni zamanda, Azərbaycan da tibbi sığorta sisteminə keçməyi düşünürsə, o zaman dərmanların molekul tərkibinin təsdiq edilməsi çox vacibdir. Çünki tibbi sığorta zamanı həkimlər reseptləri molekul tərkibinə görə yazır. Lakin insanlara hansı firmanın dərmanını almaq istəməsi təklif olunur.
Ola bilər ki, indi dərman bazarında mövcud olan özbaşınalıq şəraitində Tarif Şurasının tənzimlənməsi müəyyən dərmanların qiymətini aşağı salsın. Ancaq bütövlükdə bu sistemin özü yenidən dərman bazarında qıtlığa səbəb ola bilər. Sözügedən bazarın süni sürətdə tənzimlənməsində əhali uduzacaq".
.
