Azərbaycanda son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, ilk növbədə, geniş sosial məzmunu ilə diqqəti cəlb edir. Ölkənin dinamik iqtisadi inkişafı insanların mənafeyinə yönələn güclü sosial siyasət həyata keçirməyə etibarlı zəmin yaradır. Bu sahədə dövlət siyasəti ona istiqamətləndirilib ki, respublikamızda sosial sfera dünyanın inkişaf etmiş ölkələrindəkindən geri qalmamalıdır.

Bu fikirləri Yenizaman.az-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov bildirib.

Anar Məmmədo bildirib ki, Vətən müharibəsi dövründə mülki əhaliyə, sahibkarlara, o cümlədən dövlət əmlakına və digər infrastrukturlara dəymiş ziyanın qarşılanması və problemlərinin həlli dövlətimizin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin hər zaman ifadə etdiyi kimi, Azərbaycanın dövlət siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Bu mənada, qeyd olunan istiqamətlərdə bir sıra tədbirlərin həyata keçirilməsi üçün ölkə başçısı tərəfindən müvafiq sərəncamların imzalanması dövlətimizin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğını növbəti dəfə bariz şəkildə nümayiş etdirir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqları əsasında müharibə zamanı erməni hərbi birləşmələrinin mülki əhaliyə vurduğu ziyanın hesablanması və ödənilməsi üçün imzalanmış Sərəncama əsasən, təcavüz nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat və digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardımın ayrılması qərara alınıb. Yerli İcra Hakimiyyəti orqanları aidiyyəti ərazi üzrə ayrılması nəzərdə tutulan maddi yardımın yaşayış evlərinin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsilə ödənilməsini təmin edəcəklər. Bu maddi yardımlar evləri dağıdılmış və ya qəzalı vəziyyətə salınmış mülki əhalinin məişət və şəxsi əşyalarına dəymiş ziyana görə və qismən ziyan dəymiş evlər üzrə hər bir ailəyə verilən pul vəsaitlərini əhatə edir. Növbəti mərhələdə isə, mülki əhaliyə, dövlətə və sahibkarlıq fəaliyyəti subyektlərinə məxsus dağıdılmış və ya qəzalı vəziyyətə salınmış, qismən ziyan dəymiş yaşayış və qeyri-yaşayış sahələrinin təmir-bərpa işlərinin, həmçinin nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsinə başlanılacaq.

Bu əsasda, dəymiş ziyanın aradan qaldırılması istiqamətində təmsil olunduğum təmas xəttində yerləşən Goranboy rayonunda və Naftalan şəhərində xüsusi Komissiya yaradılıb. Komissiya Goranboy rayonunda 366 ailəni qeydiyyata almışdır ki, onlardan 5 ailənin evi tamamilə dağıdılmışdır. Qeyd olunan ailələrin yaşayış evlərinin bərpası üçün Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 421.500 manat ayrılmışdır. Eyni zamanda Naftalan şəhərində də təcavüz nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı ailələrin qeydiyyatı aparılıb.

Ölkə Prezidenti İlham Əliyevin 08 dekabr 2020-ci il tarixli Sərəncamı ilə yaradılan "Yaşat" fondu tərəfindən isə istər Goranboy rayonunda, istərsə də Naftalan şəhərində şəhid ailələri və qazilərin qeydiyyatı işləri davam etdirilir. Birinci Qarabağ savaşında olduğu kimi, bu Vətən müharibəsində də qəhrəman goranboylular və naftalanlılar istər ön cəbhədə, istərsə də arxa cəbhədə öz qəhrəmanlıqlarını bir daha göstərdilər. Cəbhəboyu ərazilərdə yaşayan əhalinin təhlükəsizliyinin təmin olunması məqsədi ilə əsaslı mülki müdafiə tədbirləri həyata keçirilmişdir. Bu məqsədlə, 25 zirzəmi təmir edilmiş, lazımı avadanlıqlarla təchiz edilmiş, 6356 sığınacaq qazılaraq müəyyən qabaqlayıcı təhlükəsizlik tədbirləri görülmüşdür.

Göründüyü kimi, zərərçəkmiş vətəndaşlarımıza dəyən ziyan ayrı-ayrı komponentlər üzrə xüsusi diqqətlə qiymətləndirilib və bundan sonrakı mərhələdə də vəziyyətə uyğun olaraq növbəti addımlar atılacaq. Bütün bunlar bir daha Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaşın mənafeyinin prioritet olduğunun göstəricisidir.

.