“Azərbaycan dövləti Qərbi Azərbaycandan, öz ata-baba ocaqlarından zorla didərgin salınmış soydaşlarımızı hər zaman diqqətdə saxlayır. Eyni zamanda, onların zorla deportasiya olunduqları torpaqlara qayıtması üçün həm daxildə, həm də xaricdə davamlı addımlar atılır”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, bu məsələdə Qərbi Azərbaycan İcmasının atdığı addımlar da təqdirəlayiqdir: “Məlum olduğu kimi, Qərbi Azərbaycan İcması tərəfindən indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya - Qayıdış Konsepsiyasını qəbul edilib. Konsepsiyada qayıdışla bağlı əsas məqsəd və prinsiplər müəyyən edilib. Həm bu, həm də bu günlərdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaradılması tarixi torpaqlarından qovulmuş, deportasiyaya məruz qalmış azərbaycanlıların öz ata-baba yurdlarına Qayıdış Konsepsiyasının həyata keçirilməsini real hüquqi müstəviyə çıxardı”.

Deputatın sözlərinə görə, beynəlxalq hüququn norma və prinsiplərində də əks olunduğu kimi, deportasiya insanlıq əleyhinə cinayətdir: “Məhz bu kontekstdə qeyd etməliyik ki, Qərbi azərbaycanlılara qarşı ötən əsrdə bir neçə dəfə mərhələlərlə insanlıq əleyhinə cinayətlər törədilib. Sonuncu deportasiya isə 1987-ci ilin sonlarına doğru başlamışdı. Həmin dövrdən etibarən soydaşlarımıza qarşı sıxışdırılmalar, hücumlar, qarşıdurmalar başladı, Qafan əhalisinin evlərinə hücumlar edildi”.

Vüqar İskəndərov qeyd edib ki, deportasiya nəticəsində Qərbi azərbaycanlıların maddi, eləcə də qeyri–maddi mədəni irsinə ağır zərbələr dəyib, onlar mal–mülklərini itiriblər: “Bəlli olduğu kimi, bu gün də soydaşlarımızın çıxdıqları evlərin, kəndlərin çoxu dağıdılıb və tərk edilmiş vəziyyətdə qalmaqdadır. Torpaqlarımız işğaldan azad edilərkən gördüyümüz xarabalıqların, evlərin, yaşayış məntəqələrinin görüntüləri eynilə həmin kəndlərdədir, o cümlədən soydaşlarımızın yaşadıqları məntəqələrin adları dəyişdirilib, toponimlərimiz başqa adlarla əvəz olunub”.

Millət vəkili sonda onu da əlavə edib ki, Qərbi azərbaycanlıların fundamental, baza insan hüquqları pozulub: “Onlar öz vətənlərindən zorla çıxarılıblar. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinin ikinci bəndinə görə, onların geri qayıdış hüququ var. Bundan başqa BMT-nin də məlum dörd qətnaməsindən ikisində Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı əsaslar var. Belə ki, 1993-cü ildə qəbul edilmiş 853 və 874 saylı qətnamələrdə bölgədəki qaçqınların geri qayıtmasına şərait yaratmaq tələb olunur”.

.