“2-3 gün qabaq 5-ci sinif şagirdinə qarşı əxlaqsız hərəkət edən şəxsin məsələsi mətbuatda işıqlandırıldı. Bu məsələ hamını narahat etdi”.

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Tamam Cəfərova deyib.

O bildirib ki, uşaqlara qarşı seksual maarifləndirmə ailədən başlamalıdır: “Bununla bağlı ilk olaraq maarifləndirmə artırılmalıdır. Əsasən də evdə valideyn artıq uşağın başa düşdüyü yaşda ona cinsi tərbiyəni başa salmalıdır. 5-ci sinifdə oxuyan uşaq bilməlidir ki, tanımadığı bir kişi ilə harasa getmək olmaz, onunla söhbət etmək olmaz. Digər tərəfdən bu gün 1-ci sinifdə oxuyan uşaq da internetdən, telefondan istifadə edir. Uşaqların yaşına uyğun formada cinsi tərbiyə artırılmalıdır. Bu gün internet üzərindən uşaqların seksual istismarı təhlükəsi mövcuddur”.

Deputat Kamilə Əliyeva isə qeyd edib ki, bu gün məktəblərdə çalışan təlim-tərbiyə işləri üzrə direktor müavinləri öz işlərini layiqincə yerinə yetirə bilmirlər: “Onlar sadəcə kabinetlərində oturmaqla işini sənəd işlərini görməklə yekunlaşmış hesab edirlər. Halbuki direktor müavinləri daim məktəbin dəhlizində olmalı, təhsil müəssisəsinin daxilində baş verən prosesləri izləməlidir. Son zamanlar məktəb daxilində bir sıra xoşagəlməz halların baş verdiyinin şahidi oluruq. Direktor və müavinləri öz vəzifələrinin öhdəsindən layiqincə gəlməlidir. Valideyn övladının məktəbə yola salır və övladı 6-7 saat orada olursa, deməli məktəb daxilində baş verən bütün hadisələrə məktəb rəhbərliyi cavabdehdir. Başqa bir nüans valideyn adı ilə məktəbə daxil olmaq istəyənlər də olur. Bu kimi xoşagəlməz hadisələrin baş verməməsi üçün məktəb daxilində ciddi nəzarət olmalıdır”.

Komitə sədri Bəxtiyar Əliyev isə bildirib ki, işini düzgün qurmayan direktorlar, direktor müavinləri ilə bağlı tədbirlər görülür.

.