96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov karantin qaydalarına əməl edərək Goranboyda növbəti dəfə vətəndaş qəbulu keçirib.

“Qafqazinfo”nun məlumatına görə, hər ay mütəmadi olaraq vətəndaşları qəbul edən deputat onların təklif və şikayətlərini dinləyib.

Qəbula gələn vətəndaşlar məişət problemləri ilə yanaşı müxtəlif mövzularda su, qaz, işıq, internet xətlərinin çəkilməsi ilə bağlı müraciətlər də ediblər. Bir neçə məsələ yerindəcə həllini tapıb.

Anar Məmmədov müraciət edən vətəndaşları təkbətək dinləyərək qeyd edilən problemlərin həlli istiqamətində müvafiq addımlar atılacağını və müraciət edən vətəndaşları narahat edən bəzi problemlərin aradan qaldırılması məqsədilə aidiyyəti üzrə müvafiq orqanlara müraciətlər ediləcəyini bildirib.

Qəbula gələnlər belə çətin vaxtda onların müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edərək ölkədə həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə Prezident İlham Əliyevə və Birinci vitse-Prezident Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.




.