Beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan, qəbul olunan qərar və qətnamələrin icrası barədə düşünməyən Ermənistan artıq 30 ilə yaxındır ki, işğalçılıq siyasətinə sadiqliyini nümayiş etdirərək Azərbaycana qarşı məqsədyönlü şəkildə təxribatlar törədir. Birinci hərbi təxribat iyul ayında törədilmişdir. Bu hərbi təxribatın qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındı. Həmin ərəfədə xaricdə yaşayan soydaşlarımız Orduya dəstək üçün dünyanın müxtəlif ölkələrində dinc aksiyalar keçirdilər. İkinci hərbi təxribat avqust ayında baş vermiş, Ermənistan qətllər törətmək üçün diversiya qrupu göndərmişdir. Sentyabr ayının 27-də isə hərbi qulluqçular ilə yanaşı mülki şəxslərin həlak olması ilə nəticələnən erməni hücumları son  üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Bu tarixdən etibarən əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Silahlı Qüvvələri elə ilk gündə 8 kəndi işğaldan azad etməklə erməni hərbi birləşmələrinin darmadağın edilməsinin əsasını qoydu. Hazırda müharibənin başlamasının 40-cı gününə yaxınlaşarkən 4 şəhər, 3 qəsəbə və 192 kənd işğaldan azad edilib. Beləliklə, Azərbaycan Ordusunun aşkar üstünlüyü göz qabağındadır.
Belə bir zamanda isə döyüş meydanındakı məğlubiyyətlərinə don geydirmək üçün Ermənistan hökuməti dezinformasiya yaymağa cəhd edir, guya Azərbaycan tərəfindən döyüşlərdə Türkiyə hərbçilərinin iştirak etdiyini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyirlər.  Amma bu yalandır və dünya da bunu yaxşı bilir. Türkiyə hərbi birləşmələri, Türkiyənin F-16 qırıcı təyyarələri ona görə Azərbaycandadır ki, toqquşmalar başlamadan öncə onlar birgə hərbi təlimdə iştirak edirdilər və həmin F-16-lar yerdədilər, səmada deyillər. Beləliklə, ermənilərin iddialarının altı boşdur. Açıq demək olar ki, bu sadəcə son çırpınma cəhdləridir. Və reallığı dəyişmək üçün yetərsizdir. 
Döyüş meydanında darmadağın edilən düşmən canını xilas etmək üçün dünya liderlərinə yalvararaq atəşkəsin əldə olunmasını xahiş edir. Lakin hər dəfə atəşkəs rejimi qüvvəyə mindiyi ilk dəqiqələrdən ermənilər terror əməliiyyatlarını həyata keçirərək cəbhə zonasına aid olmayan yaşayış məntəqələrimizə, şəhər və kəndlərimizə iriçaplı top və raket zərbələri endirirlər. Ermənilər bugün Gəncəyə, Bərdəyə, Tərtərə, Naftalana və digər yaşayış məntəqələrimizə hücumlara və onlarla insanın ölümünə görə məsuliyyət daşıyırlar. Və onlar gec-tez bunun üçün cavab verməli olacaqlar.    
Döyüş meydanında üstünlüyə malik olan Azərbaycan hələ də humanistlik edərək bizim təklif etdiyimiz şərtlər əsasında münaqişənin hərbi yoldan danışıqlar  prosesinə keçməyə hazır olduğunu dəfələrlə vurğulayıb. Bizim şərtlərimiz isə dünya birliyi tərəfindən və münaqişənin dinc yolla nizamlanması istiqamətində olan təkliflər paketinə uyğundur.    
Rusiya, Fransa və Amerika Birləşmiş Ştatları ATƏT-in Minsk qrupu həmsədrləri kimi vasitəçiliyə davam edirlər. ATƏT-in Minsk qrupu həmsədr ölkələri 28 ildir ki, heç bir nəticə olmadan vasitəçilik etməyə və tərəflərə həll yolunu tapmağa “kömək etməyə” çalışırlar. Bu üç ölkə, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının üzvləridir, daimi üzvləridir. Onlar Azərbaycanın istinad etdiyi və erməni qoşunlarının çıxarılmasını tələb edən qətnamələri qəbul etmişdir. Lakin əfsuslar olsun ki, onlar işğal olunmuş əraziləri boşaltmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək üçün Ermənistana kifayət qədər beynəlxalq təzyiq göstərməyiblər. Cənab Prezidentin sözlərinə istinad etsək, Azərbaycan bu gün tarixi ədaləti bərpa edir və BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edir. Buna görə Ermənistanın hərbi hücumundan sonra Azərbaycan özünü müdafiə etməli və ədaləti güc yolu ilə qorumalı idi.

.