Azərbaycan Demokratik Maarifçilik Partiyası bəyanat yayıb.

Bəyanatda deyilir:

"Yeni Azərbaycan Partiyasının namizədi, müzəffər Ali Baş Komandan İlham Əliyevin namizədliyini dəstəkləyən Azərbaycan Demokratik Maarifçilik Partiyası 7 fevral – Prezident seçkilərində çoxsaylı üzvləri və müşahidəçiləri ilə yaxından iştirak etmişdir. Bir sıra seçki dairələrində və səsvermə məntəqələrində seçkini canlı izləyən müşahidəçilərimiz səsvermənin genişatı və bütünlüklə seçki prosesi ilə bağlı öz fikir və rəylərini mütəmadi olaraq Partiyanın qərargahı ilə bölüşmüşdür.

Demokratik və dinc şəraitdə keçən seçkiöncəsi proses bir çox xüsusiyyətləri ilə fərlənmişdir. Namizədlər üçün yaradılmış geniş imkanlar, onların effektiv təbliğat işi aparması üçün ödənişsiz televiziya və radio efir vaxtları ilə təmin edilməsi, dövlət qəzetlərinin səhifələrində ödənişsiz təbliğat imkanlarının yaradılması, ölkənin hər bir yerində açıq və qapalı məkanlarda görüşlərin təşkili üçün yerlər ayrılması olduqca diqqətəlayiq haldır. Açıq-aydın hiss edilmişdir ki, Prezident seçkilərinə hazırlıq və səsvermə prosesi peşəkarlıqla, texniki baxımdan olduqca yaxşı təşkil olunmuşdur.
Hər bir seçki məntəqəsində səsvermə prosesi bütün qayda və qanunlara uyğun, şəffaf şəkildə təşkil edilərək hər bir seçiciyə sərbəst və gizli seçim etməsi üçün şərait təmin edilmiş, səsvermə prosesində seçicilərin seçimlərinə müdaxilə hallarına rast gəlinməmişdir. Partiymız adından bəyan edirik ki, Prezident seçkiləri ölkənin Seçki Məcəlləsinə uyğun keçirilmiş və önəmlisi demokratik əsaslarla təşkil edilmişdir. İşğaldan azad edilən ərazilər də daxil olmaqla bütün ölkə ərazisində seçicilərin fəallığı açıq şəkildə hiss olunmuşdur. Vətən müharibəsi qələbəsindən sonra xalqımız Prezident seçkilərinə qələbə əhvalında qatılmış və öz siyasi iradəsini ortaya qoymuşdur.

Azərbaycan Demokratik Maarifçilik Partiyası seçkilərin elan edilmiş ilkin nəticələrini legitim və xalqın iradəsinin ifadəsi hesab edir, bu seçimlərdə Azərbaycan xalqının böyük dəstəyini qazanaraq qalib gəlmiş Azərbaycan xalqının inam və ümid yeri olan cənab İlham Əliyevi səmimi qəlbdən təbrik edir, Prezidentimizə fəaliyyətində şanlı qələbələr, xalqımıza isə bu qələbələrə layiq firavan həyat arzulayırıq".

.