Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 3,4 milyon ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Loğman Abdullayevin atası Çingiz Abdullayevin məhkəməsi başa çatıb.

Hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə Ç. Abdullayev günahsız olduğunu, oğlu Loğman Abdullayevin onu aldatdığını deyib: "O demədi ki, pulu cinayət yolu ilə əldə edib. Loğman puldan 310 min manat mənə verib və hamısını qaytarmışam. Oğlumun hərəkətlərindən xəbərim olmayıb. Buna görə haqqımda bəraət hökmünün çıxarılmasını istəyirəm".

Sonra prosesdə hökm oxunub. Hökmə əsasən, Ç. Abdullayev 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ç.Abdullayev Qazaxıstanda saxlanılıb. 2015-ci ildə Bakı şəhər sakini Tofiq Nadir oğlu Zülfüqarov Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək, bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirdiyini bildirib. Keçirilən tədbirlərlə Loğman Abdullayev, Nurlan Bayramov, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Gəray Abdullayev, Tural Babazadə və Tural Qasımov saxlanılıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin (CM) 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 170.3.1-ci (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə L. Abdullayev və N. Bayramovun hər biri 18 il, P. Rzayev və E. Qasımovun hər biri isə 16 il müddətinə azadlıqdan məhrum edilib.

.