Teleqraf.com "Dəfnə ağacı” serialının tanınan və sevilən gənc aktrisası Cəmilə Tağızadə ilə müsahibəni təqdim edir:

 

- Bir neçə film və seriallara çəkilmisiniz, amma daha çox "Dəfnə ağacı" serialında "Dəfnə" obrazı ilə tanınmısınız...

 

- "Dəfnə ağacı" serialına çəkilməyim təsadüfi oldu. Ən son ATV telekanalında yayımlanan "İkinci bahar"a çəkilmişdim. Ondan sonra yaradıcılığımda bir müddət durğunluq oldu. "Dəfnə ağacı"nın ikinci rejissoru Zaur mənə zəng etdi və dedi ki, səni seriala çəkilməyə dəvət edirik. Kastinqə dörd-beş xanım dəvət etmişdik, amma seriala uyğun gəlmədilər. Sənin filmlərinə baxmışıq və bəyənmişik. Sonra serialın baş rejissoru Şahin Qəhrəmanlı ilə danışdım, onunla dostluq münasibətimiz yarandı. Beləliklə, çox gözəl kollektivlə işləməyə başladım.

 

- Bu serialla tanınmağa başladınız. Gənc aktrisa olaraq insanların sizə münasibəti necədir?

 

- Altı ildir ki, bu sahədəyəm, amma "Dəfnə ağacı" serialı ilə tanındım və insanlar tərəfindən xoş qarşılandım. Düzdür, bəzən tənqidlər də olur, amma bunu normal qəbul edirəm. Azərbaycanda serial sferası yeni başlayır. Hər şey yavaş-yavaş yaxşı olacaq. "Dəfnə ağacı" serialına mən də özümdən nələrsə əlavə etmişdim. Serial kollektivinə və ATV kanalının rəhbərliyinə təşəkkür edirəm.

 

- "Dəfnə ağacı"na kastinqdən keçmədən çəkilmisiniz. Serialın ikinci rejissorunun dəvət etdiyini qeyd etdiniz. Sizcə, bu, xarici görünüşünüzə, yoxsa tanışlığa görə baş tutdu?

 

- Mən yalnız filmlərə çəkilən zaman kastinqdə iştirak edirəm. Düşünürəm ki, bir aktrisa kimi güvəni də doğrultmuşam.

 

- Serialda tanındıqdan sonra əks cinsin nümayəndələri sizə sevgilərini bildirdilər?

 

- Düzünü deyim hər gün sevgi mesajları yazırlar. Xüsusilə, "Dəfnə ağacı" serialından sonra sevgilərini bildirənlər daha çox oldu. Hətta nömrəmi tapıb, xaricdən zəng edənlər var idi. Digər seriallarda bu hal ilə qarşılaşmamışdım. Yəqin ki, ATV kanalı reytinqli olduğu üçün serial çox izləndi.

 

- Ümumiyyətlə, fanatlarınız tərəfindən evlilik təklifi olub?

 

- Evlənmə təklif edənlər var (gülür).

 

- Onlara ciddi yanaşırsınız?

 

- Bilmirəm... Onu deyə bilərəm ki, ailə quracağım insan məni başa düşən olmalıdır. Evdən deyirlər ki, yaşın keçir, ailə həyatı qurmalısan. Bu düşüncə artıq Azərbaycanda formalaşıb. Yaşın 25 -i keçibsə evdə qalmış hesab edilirsən, mütləq ərə getməlisən. Mən də ailə həyatı qurmaq istəyirəm. Amma ruhən mənə yaxın bir insan olmalıdır. Düşüncə və maddi cəhətdən mənə uyğun olmalıdır.

 

- Maddi cəhət deyərkən zəngin olmasını istəyirsiniz?

 

- Milyonçu olması vacib deyil. Əsas odur ki, əsl kişi olsun. Ailəsini saxlamağı bacarsın.

 

- Həyatınızda heç kim yoxdur?

 

- Xeyr yoxdur. Çünki azərbaycanlı oğlanlar film və seriallara çəkilməyimi çox təəssüf ki, qəbul etmirlər.

 

- Məncə, o mərhələni aktrisalarımız müəyyən mənada keçiblər...

 

- Sənətini qəbul edirlər, amma həyat yoldaşı kimi qəbul edənlər yoxdur. Nadir hallarda oğlanlar həyat yoldaşının aktrisa olmasını istəyir. Elə bir oğlan varsa qarşıma çıxsın (gülür ). Xarici xanımla evlənməyə razıdırlar, amma aktrisa ilə yox.

 

- Yəni ki, Azərbaycan kişiləri aktrisalara qeyri-ciddi yanaşırlar...

 

- Bəli. Ümumiyyətlə, aktyorluq sənətinə Azərbaycanda ciddi yanaşan yoxdur. Bu, acı həqiqətdir. Mən sənətimi çox sevirəm. Həyat yoldaşıma görə sənətimi ataram, sadəcə, aparıcı kimi fəaliyyət göstərə bilərəm. Amma incəsənəti çox sevdiyimə görə tamamilə uzaqlaşa bilmərəm.

 

- Əslində, aparıcını da qəbul etmirlər...

 

- Nadir hallarda qəbul edirlər. Qarşıma məni həqiqətən xoşbəxt edəcək bir insan çıxsa sənətimi ataram. Dünya ulduzları daha çox həmkarları ilə evlənirlər. Bizdə isə elə deyil...

 

- Çünki aktyorlarımız aktrisalarımızı qəbul etmirlər. Deyirlər ki, evdə bir tanınmış olar.

 

- Bəs aktrisalar aktyorla evlənməyə razıdır?

 

- Mən də aktyorla evlənməyə razı olmaram, evdə bir ulduz olar. İstəyərəm ərim  sadəcə məni izləsin və dəstək olsun.

 

- Türkiyədə serial qəhrəmanları sevgili olurlar, ailə qururlar. Siz necə, hansısa serial çəkilişi zamanı tərəf müqabilinizlə sevgi münasibətləri yaşamısınız?

 

- Xeyr, heç vaxt tərəf müqabilimlə sevgi münasibətimiz olmayıb. İş prosesində sırf dostluq münasibətlərimiz yaranıb…

 

- Bəs həmkarlarınız tərəfindən sevgi etirafı olub?

 

- Olub, amma adını deyə bilmərəm. Hətta müğənnilər, modellər aparıcılar sevgi etirafı ediblər.

 

- Siz "Dəfnə ağacı" serialına çəkilən zaman bəzi insanlar dedilər ki, bu xanımın adamı var, çox seriallarda baş qəhrəmanı canlandırır...

 

- Kaş adamım olaydı (gülür)... Yoxdur.  Əgər arxamda kimsə olsaydı, artıq ulduz olardım. Mən dörd il təhsil almışam , bu sənətə çöldən gəlməmişəm. İkinci kursdan ekran əsərlərinə çəkilmişəm. Epizodik rollarla başlamışam. İlk dəfə filmə İranda çəkilmişəm. Ondan sonra məni film və seriallara dəvət etdilər. Heç bir dostluq münasibəti yox idi. Adamım olsaydı, ulduz olardım, layihələr hazırlayardım, hətta biznes-ledi olardım. Mənim Allahım, anam, bir də istedadım var. Mən də bəziləri kimi bir-iki aya ulduz ola bilərdim, yaxud da bahalı maşın sürərdim. Mənə mane olanlar, torbamı tikən insanlar olub. Amma bir müddət sonra həmin insanları işdən çıxarıblar.

 

- Həmkarlarınızı, yoxsa kanal rəhbərini nəzərdə tutursunuz?

 

- Kanal rəhbəri idi. O kanalda sistem tamamilə dəyişdi. Mən o kanala yenidən dəvət aldım.

 

- Gənc aktrisa kimi hədəfləriniz nələrdir? Həmkarınız Pərviz Abıyeva qısa zamanda tanındı. Türkiyədən də serial təklifləri gəldiyini qeyd edib...

 

- Xaricə ölkəyə getmək planım da var. Amma təəssüf ki, türkcəm yaxşı deyil. Amma düşünürəm ki, cəhd etsəm, alınar. Əgər "Əli və Nino" filmində çəkilmişəmsə, niyə də olmasın. Məni o filmdə Hollivud rejissoru bəyənmişdi. Düzü, mənə inanılmaz gəlirdi. Ninonun rəfiqələrindən birini canlandırırdım. Hələ ki, bir söz deyə bilməyəcəm. Bir illik müqavilə bağlamışam. Azərbaycanda kənara çıxmağa icazə vermirlər. Sadəcə onu deyə bilərəm ki, məni yeni serialda görəcəksiniz.

 

- Özünüzü daha çox mənfi, yoxsa müsbət obrazda görürsünüz?

 

- Aktrisanı istənilən obrazda görmək olar. Əgər aktrisanın istedadı varsa həm mənfi, həm də müsbət obrazın öhdəsindən gəlməlidir. Düzdü, elə obrazlar var ki, aktrisaya uyğun deyil. Obrazı oynaya bilərsən, amma canlandıra bilməzsən. Mənim dodağım və sinəm silikon deyil. Eləcə də vulqar, çox cazibədar, gəl-gəl deyən sima yoxdur. Ona görə də kiminsə məşuqəsi və s. kimi obrazlarda özümü görmürəm.

 

- Seriallarda açıq-saçıq obrazlara çəkilərsiniz?

 

- Xeyr, Azərbaycanda açıq-saçıq, erotik filmlərə çəkilmərəm. Türkiyədə çəkilə bilərəm. Amma düşünmürəm ki, ailəm bu addımımı dəstəkləyər. Ona görə də ehtiyat edirəm. Məni evdən qovarlar. Hətta geyimlərimdə və fotosessiyamda açıq-saçıqlığa yol vermirəm.

 

- Tanınırsınız, amma ictimai nəqliyyatdan istifadə edirsiniz...

 

- İctimai nəqliyyatda olanda soruşurlar ki, nə əcəb maşının yoxdur. Deyirəm evdən icazə vermirlər. Mamam qorxur... Deyir sənə nə isə olsa ürəyim dayanmaz.

 

- Bir dəfə efirə çıxan tanınmağa başlayır və bir-iki aydan sonra sponsoru, xarici maşını olur...

 

- Bir-iki sponsor olmaq üçün təklif gəldi, amma rədd etdim. Mənə sponsor yox, ailə lazımdır. İstəyirəm ki, gözəl ailəm olsun. İndiyə qədər gözləməmişəm ki... Sponsor mənim özümə yox, layihəmə lazımdır.

 

- Plastik əməliyyatlara münasibətiniz necədir? Xarici görünüşünüzdə nəyi kompleks edirsiniz?

 

- Plastik əməliyyata normal baxıram, amma canımı o qədər sevirəm ki, əməliyyat etdirmərəm. Elə bilirəm ki, əməliyyat masasından qalxmaram. Qorxu hissim olmasaydı, dodaqlarımı şişirdərdim, burnumu əməliyyat etdirərdim, sinəmi böyütdürərdim. Amma sünilikdən də qorxuram.

 


 


.