
Futbol üzrə Türkiyə yığması DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində Xorvatiya komandasını minimal hesabla məğlub edib.
Virtualaz.org bildirir ki, "Əskişəhər” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qol matçın 74-cü dəqiqəsində vurulub. Oğuzhan Özyakupun qüvvətli zərbəsindən sonra qapıçı Subaşiçin qaytardığı topu Cenk Tosun dəqiq zərbə ilə tamamlayaraq hesabı açıb.
I qrupunun digər oyununda İslandiya Ukraynanı (2:0), Finlandiya isə Kosovonu (0:1) məğlub edib.
Bu qələbədən sonra xallarını sayını 14-ə çatdıran Türkiyə qrupda Ukrayna ilə üçüncü və dördüncü yerləri bölüşdürür.
Mirko Luçekonun yetirmələri Xorvatiya və İslandiya yığmalarından 2 xal geri qalırlar.
D qrupunda Avstriya yığması gözlənilmədən doğma meydanda Gürcüstanla bərabərliyə qalıb - 1:1. Serbiya və Uels isə səfərdə müvafiq olaraq İrlandiya və Moldova komandalarını məğlub ediblər.
Gecənin ən böyük hesabı isə Lüksemburqda qeydə alınıb. Meydan sahibləri İspaniya yığmasına 0:8 hesabı ilə uduzublar. G qrupunun digər oyunlarında Makedoniya və Albaniya bərabərliyə qalıblar (1:1), İtaliya isə İsraildən üstün olub (1:0).
Futbol gecəsi həm də onunla yadda qalıb ki, gələn il Rusiyada keçiriləcək dünya çempionatının daha bir iştirakçısı bəlli olub. Belə ki, Cənubi Koreya mundiala vəsiqəni rəsmiləşdirib.
Asiyalılar seçmə mərhələnin 10-cu turunda Özbəkistanla qolsuz heç-heçə edərək xalını 15-ə çatdırıb və A qrupunu 2-ci pillədə başa vurub. Bununla da İranın ardınca koreyalılar da mundialda oynamağı təmin edib.
Yeri gəlmişkən, Cənubi Koreya yığması ev sahibi Rusiya, həmçinin Braziliya, İran, Yaponiya, Meksika və Belçikadan sonra mundialda iştirak hüququna yiyələnən 7-ci komanda olub.
.